YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan əlaqələrinin inkişafı yeni qlobal çağırışların zərurətidir

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Biz, çox dövlət başçılarının rəsmi səfərlərini izləmişik, çox qəbulların, mərasimlərin şahidi olmuşuq, ancaq bir dövlət başçısının gəlişi şərəfinə parklar, məktəblər açılmasının, ev sahibi ölkənin bütün milli-mədəni potensialının səfərbər edilməsinin, müştərək dəyərlərin qabarıq şəkildə sərgilənməsinin və bəzən protokol qaydalarını aşacaq dərəcədə səmimi görüntülərin, çox nadir hallarda - ancaq bu qonaq xüsusi statusa malik olan bir şəxsiyyət olduqda - təzahür etdiyinə şahid olmuşuq.

Azərbaycan Prezidentinin bütün ölkələrə səfərləri bənzər ştrixlərlə başqalarından fərqlənir. Bunu İtaliyaya da, Bolqarıstana da səfərlərdən əxz etmişik, sezmişik. Ancaq bizimlə bənzər tarixi yaşamış, eyni kokdən olan və eyni geopolitik məkanı bölüşən ölkələrdə baş verən dəyişikliklər – münasibətlərimizdəki həm mənəvi, həm də strateji xarakterli transformasiyalar - bizim üçün xüsusi önəm daşıyır.

Prezidentimizin Özbəkistan səfərindən qalan təəssüratlarımız, göstərilən fövqəladə ehtiram və rəğbət səhnələri hələ yaddaşlardan silinməyib. Oktyabrın 11-dəki Qırğızıstan səfəri bu hərarətin, bu münasibətin istisnayi hal olmadığını, son dövrlərdə cərəyan edən hadisələrin, yeni çağırışların ölkəmizə və Rəhbərimizə xüsusi bir münasibət formalaşdırdığının bariz nümunəsidir.

Əlbəttə, bu münasibət bizim üçün çox dəyərlidir, qürur mənbəyi, iftixar vəsiləsidir. Ancaq bu işin bir tərəfidir. Bu münasibətlər, Azərbaycanın həm də geostrateji əhəmiyyətinin yüksəlişini, həm hərbi-siyasi, həm də iqtisadi əhəmiyyəti önə çıxaran, nəinki Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya üçün açar dövlət olduğunu göz önünə sərən faktorlardır. Neytral sulara çıxışı olmayan bu ölkələr həm iqtisadi problemlərinə, təbii ehtiyatların və istehsal məhsullarının nəqli ilə əlaqədar əngəllərlə yanaşı, həm də, hələlik yatmış kimi görünən potensial münaqişə ocaqlarına “hamilədir”. Qazaxıstanın “şimal əraziləri” təhlükəsi, Özbəkistanın “Qaraqalpaq problemi” və ən nəhayət son aylarda Qırğızıstan və Tacikistan arasında yaşanan gərginliklər, silahlı toqquşmalar istər-istəməz bu ölkələri etibarlı partnyor, güclü tərəfdaş və model ölkə axtarışına vadar edir.  Rusiya ilə Ukrayna arasnda yaşanan hadisələr, şimal qonşu ilə mövcud ənənəvi əlaqələrin perspektivini kifayət qədər şübhə altına saldığı, unifikativ – yəni ancaq bir ölkə ilə iqtisadi, hərbi və siyasi əlaqələrə üstünlük verilməsinin zərərli nəticələrinin göründüyü, eyni zamanda istər regionda, istərsə də kənarda olan başqa güc mərkəzlərinə fokuslanmanın da zaman içərisində xoşagəlməz asılılığa, konfrontasiya faktoruna, geopolitik çəkişmə ünsürünə çevrilmə ehtimalı, bu ölkələri istər-istəməz yeni – istismara və ilhaqa aparmayacaq - formatlara, birliklərə üstünlük verməyə təşviq edir. Bu mənada Türkiyə -Azərbaycan strateji müttəfiqliyi və münasibətləri, bu tandemin getdikcə artan siyasi, iqtisadi və hərbi nüfuzu, təsir sferası Mərkəzi Asiya dövlətlərinin də diqqətindən yayınmır, eyni dilə, mədəniyyətə, mental dəyərlərə malik olan dövlətlər arasında yaranan üfüqi münasibətlərin, güc mərkəzləri ilə olan şaquli münasibətlərdən daha optimal variant olduğuna inamı gücləndirir.

Qırğızıstanla Azərbaycan arasında imzalanmış sazişlərin və əməkdaşlığın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisi olan Dövlətlərarası Şuranın fəaliyyətə başlaması da, “Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Qırğızıstan Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Memorandum”un və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğızıstan Ticarət və Sənaye Palatası arasında anlaşma Memorandumu”nun imzalanması da, 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəlinməsi də dövlətlərimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafına, həm mədəni-humanitar sahədə əlaqələrin intensivləşməsinə və möhkəmlənməsinə, həm ticari əlaqələrin, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələrində əlaqələrin artmasına, Azərbaycan Prezidentinin vurğuladığı kimi, nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranmasına, həm də ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən layihələr olmaqla yanaşı, gələcəyə hesablanmış strategiyanın tərkib hissəsidir.

DİGƏR Xəbərlər Arxiv