YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev dühasının qalib nəticələri

Ədalət Fərəcov 

YAP Veteranlar Şurasının üzvü, 91-lərin üzvü, ADPU-nun professoru, Prezident təqaüdçüsü

Ümummilli Lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qəlbində, yaddaşında, təfəkküründə, xatirəsində özünəməxsus silinməz izlər yaratmışdır. Ulu Öndər Heydər Əliyev fenomeni Azərbaycan tarixi, onun tarixçiləri və bütövlükdə Azərbaycan xalqı üçün bütün tarixi dövrlərdə möhtəşəm bir mövzu olaraq əsrlər boyu öz aktuallığını saxlayacaq.

Siyasi fəaliyyətinin ilk illərində Dövlət Təhlükəsizliyi orqanlarında çalışan Ulu Öndər bütün imkanı daxilində azərbaycanlıların bu orqanda işə düzəlmələrinə xüsusi səy göstərmişdir. Bununla yanaşı, o illərdə çox sayda Azərbaycan ziyalısını gerçəkləşə biləcək real repressiyadan xilas etmişdir. Təsadüfi deyil ki, sonralar həmin şəxslər mətbuat vasitəsilə Ulu Öndərin ünvanına dəfələrlə təşəkkürlərini bildirmişlər. Heydər Əliyev yeganə azərbaycanlıdır ki, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən general rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nin Birinci katibi və Büro üzvü, 1982-ci ilin noyabrından 1989-cu ilə kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. 1971-ci ildən Sov.İKP MK üzvü, 1976-cı ildən Sov.İKP MK siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildən Sov.İKP Siyasi Büro üzvü olmuşdur. Heydər Əliyev 1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Bütün məqamlarda vaxt, zaman özü Heydər Əliyevi Azərbaycana rəhbər vəzifəyə gətirmişdir. Heydər Əliyev birinci dəfə respublika hakimiyyətinə gələrkən keçmiş İttifaq Respublikaları arasında Azərbaycan Respublikası ən aşağı yerlərdən birində dururdu. Qısa məqamda Heydər Əliyevin ən yüksək işgüzarlığı, intellektual səviyyəsinin imkanları vəziyyəti elə məqama gətirdi ki, Azərbaycan bir- birinin ardınca dəfələrlə keçici Qırmızı Bayraq ordeni aldı. Nəticədə Azərbaycan İttifaq Respublikaları arasında ən yüksək səviyyəyə ucaldı. Bir rəhbər olaraq Heydər Əliyev Azərbaycanın həyati əhəmiyyəti olan bütün sahələrinə, o cümlədən sənayenin, kənd təsərrüfatının, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafına xüsusi diqqət göstərirdi. Təhsillə əlaqədar olaraq bir neçə məqamı xatırlamaq istəyirəm. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində həmin illərdə 17 min Azərbaycan gəncinin keçmiş ittifaqın 50 şəhərinə 170-dən artıq ali məktəbin 250-dən çox müxtəlif ixtisası üzrə təhsil almağa getməsi təmin olunmuşdur.Ulu öndərin uzaqgörən siyasətinin mühüm mərhələsi azərbaycanlı hərbi kadrların yetişdirilməsini də əhatə edirdi. Heydər Əliyevin qayğısı sayəsində yalnız 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ən nüfuzlu ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi.

Ulu Öndər Azərbaycan gəncliyinin sadəcə respublikadan kənarda təhsil alması kimi mövqe ilə kifayətlənmirdi. O, şəxsən özü gənclərlə görüşür, onlara məsləhət və tövsiyələrini verirdi. Bu gənclik üçün böyük bir stimul idi. Yeri gəlmişkən, Ulu Öndərin Azərbaycanlı gənclərinin xaricdə təhsilalma sahəsindəki bu uzaqgörən siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 5 min nəfər azərbaycanlı gəncin xaricdə ölkəmiz üçün vacib olan ixtisaslar üzrə təhsil alması nəzərdə tutulmuş və təmin olunmuşdur. Ulu Öndərin keçmiş SSRİ-nin ali Hərbi məktəblərində azərbaycanlı hərbi kadrlar hazırlanmasına, həmçinin də C.Naxçıvanski adına Hərbi Liseyin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində «Hərbi və fiziki təlim» fakültəsinin yaradılmasına istiqamətlənmiş müdrik, uzaqgörən siyasəti nəticə etibarilə bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda qalib qüvvəyə çevrilməsinə gətirib çıxarmışdır.

Bütün zamanlarda Azərbaycan xalqı Heydər Əliyevin sözünün ağası olmasının şahidi olmuşdur: İstər Moskvadakı Azərbaycan nümayəndəliyində totalitar rejimin Azərbaycan xalqına qarşı işğalçı mövqeyinə qarşı üsyan səsini ucaldanda, istər Sov.İKP-nin üzvü olduğunu təsdiq edən partiya biletini atanda, istər Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi fəaliyyət proqramını irəli sürəndə, istərsə də Azərbaycanda siyasi hakimiyyətdə olduğu bütün illər ərzində.

1993-cü il iyunun 15-də AR Ali Sovetinin sədri seçilən zaman Ulu Öndərin həmin iclasdakı çıxışında dediklərini xatırlayaq: «Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy göstərəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm».

Bu sırada nələr dururdu? Ölkə daxilində vətəndaş müharibəsi həddinə çatmış daxili gərginlik, xarici müdaxilənin Azərbaycanı təhdid etməsi, Azərbaycanın bölgələrə parçalanma ehtimalı, AXC – Müsavat cütlüyünün iqtidarda olduğu təqribən bir il ərzində respublikamızın uçuruma yuvarlanma həddində olması və sonunda Heydər Əliyevin bütün labüd fəlakətlərdən ölkəni xilas etməsi faktı. Ona görə də Azərbaycan övladları XX əsrin sonuncu onilliyini fövqəl-zəka sahibi Heydər Əliyevin sayəsində özünün müstəqillik və suverenlik arzularının əbədi gerçəkləşməsinin tarixi kimi əsrlər boyu yaddaşlarda yaşadacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək: «Heydər Əliyev 1993-cü ildə parlamentin sədri seçiləndən sonra müstəqil Azərbaycanın həyatında yeni dövr başlamışdır. Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan çox bəlalarla üzləşə bilərdi. Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı».

Heydər Əliyev xalqının müdrikliyinə, gücünə inanırdı. O, bilirdi ki, xalq onu dəstəkləyir, onun arxasınca gəlir. Əgər belə olmasaydı, 1993-cü ildə O, Bakıya qayıdıb bu vəziyyətdən çıxış yolları tapa bilməzdi. Heydər Əliyev xalqın gücünə arxalanaraq bütün zəruri tədbirləri həyata keçirdi və on il ərzində Azərbaycan müasir, iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildi. İndi Azərbaycanla hesablaşır, Azərbaycana hörmət edirlər. Ölkəmiz dünya birliyində özünəlayiq yerini tuta bilibdir. Onun ideyaları yaşayır. Onun siyasətini davam etdirmək üçün xalqımız əlindən gələni edir. Bu gün bu yol Ulu Öndərin ən layiqli siyasi varisi cənab İlham Əliyev tərəfindən ləyaqət və müvəffəqiyyətlə davam etdirilir. Bu gün respublikamızda əldə edilən bütün uğurlar Ulu Öndərin müdrik siyasətinin bəhrəsi, Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətlərinin nəticəsidir.

Dünyada təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın canlı yaradıcı tarixinə çevriləcək Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdi, tarixi yaradan tarixçi oldu. Şarl Lui Monteskye 1711-ci ildə qələmə aldığı «İran məktubları»nda yazırdı: «Dünyanın heç bir xalqı şöhrəti və əzəmi ilə «tatarlarla» yarışa bilməz…Onlar türk adlanıb. Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib, dünyanın üç qitəsində ağalıq edirlər. Bu müzəffər xalqın tarixçiləri çalışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar.. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub. Əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır: Qeyd edilən fikirlər türkün böyüklüyünün etirafı hesab olunmalıdır. Lakin gec də olsa, bu tarix yazıldı, özüdə XX əsrin 30 ili ərzində yenidən yazıldı. Bu Azərbaycanın müasir tarixi, bu tarixin yaradıcısı Heydər Əliyev idi. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün «Tarix yazmaq – tarixi yaratmaq qədər çətindir. Əgər yazan yaradana sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq mahiyyət alır» tezisini unutmayın. Sovetlər imperiyasının mərkəzində yüksək vəzifə tutan Heydər Əliyev tarixi yaratdı və yazdı, onun yaratdıqları insanları çaşırmadı, əksinə çox-çox sonralar xalqın karına gəldi.

Bu qüdrətli düha sahibi olan Heydər Əliyev hətta ona xəyanət edənləri bağışlamış, lakin onun xalqına, vətəninə xəyanət edənləri bağışlamamışdır. Bu fikrin tarixi orta əsr tarixinin əks sədasıdır. Bu, Heydər Əliyevin türk dünyasında olan övladlıq borcu və Böyük Vətən qarşısında şəxsiyyət-vətəndaş borcunu ödəmək istəyi ilə səciyyələnir.

Heydər Əliyevin siyasi məsuliyyəti, onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və işlədiyi çağlarda heç bir siyasi səhvə yol vermədiyi də xalqının nəzərindədir. Bu isə Heydər Əliyevin ömür yolunda məğlubedilməzliyinin və yenilməzliyinin təsdiqidir.

Dünyanın ən müdrik insanları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. ABŞ-ın keçmiş prezidenti Bill Klinton deyirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə bilər. Alamiya parlamentinin üzvü K.Vimmer H.Əliyevin şəxsiyyətindən bəhs edərkən söyləmişdir ki, «Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda kommunizm ideyalarını bərpa edəcək.Lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. İndi Azərbaycan İkinci dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq”.

Böyük Britaniyanın sabiq Baş naziri, dəmir ledi Marqaret Teççer “onu müasir zəmanəmizin görkəmli siyasi xadimi”, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt “Corc Vaşinqtona bərabər şəxsiyyət” kimi xarakterizə etmişdir. Türkiyənin baş naziri R.T.Ərdoğan H.Əliyevin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: “H.Əliyev Azərbaycanın böyük lideridir. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövəladə xidmətlərinə görə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.

Xüsusi ilə vurğulamaq lazımdır ki, öz həyatının bəzi təhlükəli məqamlarında Heydər Əliyev general Şarl de Qollun təsvir etdiklərinə qəribə bir tərzdə uyğun gələn vəziyyətlərə də düşmüşdür. Məsələn, Şarl de Qoll yazırdı: “bəziləri deyirlər ki, mən kommunistlərin, frank massonların müttəfiqiyəm, digərləri iddia eləyir ki, guya mən Fransada krallıq, imperiya, yaxud da şəxsi diktatura qurmaq istəyirəm. Güclü təsəvvür və fantaziyaya malik olan bütün bu adamlar bircə şeyi yaddan çıxarırlar. Onu yaddan çıxarırlar ki, Fransa işğalçılarla dolu olanda mən Azad fransızların başında durdum və Fransa imperiyasına ona görə rəhbərlik etdim ki, Fransa işğal altında idi. Yaddan çıxarırlar ki, Fransa işğal altında olmasaydı, mən bizim ordumuzun öz rütbəmdə bir zabiti olaraq qalacaqdım. Onu da yaddan çıxarırlar ki, mən siyasətçi deyiləm, sadəcə öz ölkəsini azad etmək istəyən bir vətənpərvərəm». Lakin de Qoldan fərqli olaraq Heydər Əliyev hərbçi olmaqdan əlavə dərin siyasətçi idi. O, miqyaslı istedada malik idi. Ona görə də Azərbaycanın dövlətçiliyini bir çox fəlakətdən xilas etdi. Heydər Əliyevin Azərbaycan xalqının planetə bəxş etdiyi bir möcüzə idi.

Heydər Əliyevin siyasətinin layiqli davamçısı, böyük siyasi məktəb keçmiş, çoxşaxəli fəliyyətilə-xalqın rəğbətini və məhəbbətini qazanmış və prezident seçilmiş İlham Əliyev müasir şəraitdə Azərbaycanın hərtərəfli tərəqqisinə, demokratik imicinin yüksəlməsinə çalışan görkəmli və böyük siyasi xadimidir.

Heydər Əliyevin ordu quruculuğu sahəsindəki siyasətini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində 30 il erməni işğalında qalan Azərbaycan torpaqlarını özünün hərbi sərkərdəliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində birdəfəlik azad etdi. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında ölkə Prezidenti - Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə vüsətli abadlıq və quruculuq işləri həyata keçirilir.

DİGƏR Xəbərlər Arxiv