YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda şəhidin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi Nəcəfov Yusif Nadir oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Yasamal RİH və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə İkinci Fəxri xiyabanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

44 günlük Vətən müharibəsi şəhidi Nəcəfov Yusif Nadir oğlunun əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yasamal RİH başçısı Elşad Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsindəki döyüşlərdə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun şücaəti gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələri, düşmən qüvvələrinin Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası tamamilə darmadağın edildi, Ali Baş Komandanın əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan qovdu.

Şəhid atası Qiyas Zeyanllı, Şəhid Yusif Nəcəfovun müəllimi Aydan Məmmədova, şəhidin döyüş yoldaşının atası Elçin Məmmədli, şəhidə həsr olunan ekran əsərinin rejissoru Elçin Ağazadə və şəhidin qardaşı Emin Nəcəfov qazanılan şanlı Zəfərdən, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından bəhs ediblər.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Yusif Nəcəfov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Kələbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.