YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev yeni dövrün müasir Lider obrazını yaratdı

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən öncə Azərbaycan xalqına müraciətində bugünümüz üçün inamın növbəti ünvanını göstərməsi xüsusi önə çəkilir. Ümummilli Lider Azərbaycan xalqına tarixi müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalq Heydər Əliyev siyasətinə dəstəklərini cənab İlham Əliyevə səs verməklə ifadə etdilər.  2003-cü ildən başlanan yol Böyük Yolun davamı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident  seçildikdən sonra  andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki,  ölkəmiz bundan sonra da inkişaf  edəcək, daha da  güclənəcəkdir.  Azərbaycanda  demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin  oluncaqdır.  Ölkəmiz  müasir dövlətə çevriləcəkdir.  Bütün bunları etmək üçün çox işlər görmək lazımdır.” Ölkə Prezidenti bu hədəfləri açıqladıqdan sonra onu da bildirdi ki, bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən  çıxış edərkən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 19 il keçir. 19 il Azərbaycanın əldə etdiyi uğurların fonunda dövlət başçısı İlham Əliyevin sözlə əməl birliyinə bələdçilik edir.

Cənab İlham Əliyev Prezidentliyinin ilk günündən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək bu tezisi irəli sürdü ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya prioritet məsələ kimi qoyuldu. Təsliqlənən Regional inkişaf proqramları   qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmaq üçün imkanlar yaratdı. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Sosial layihələrin uğurlu icrası xalqın rifah halının yaxşılaşmasını təmin etdi. Dövlət başçısı İlham Əliyev daim bu fikri bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda heç də bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Bu ölkələrdə əhali arasında təbəqələşmə sürətli hal alır. Amma ölkəmizdə iqtisadi strategiyanın  dünya təcrübəsinə əsasən işlənib hazırlanması Azərbaycanın bu problemi yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərin xronologiyasında da özünün aydın ifadəsini tapır. Bu gün haqqında fəxrlə bəhs etdiyimiz Cənub Qaz Dəhlizi enerji sektorunda qazanılan uğurların zirvəsi  kimi dəyərləndirilir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı.  Azərbaycanın enerji sektorunda qazandığı uğurlar iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, siyasi müstəqilliyinə də geniş yol açdı.

Dövlət başçısı İlham Əliyev yeni dövrün müasir Lider obrazını yaratdı. Ölkəmizin davamlı uğurları, dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü, qüdrəti sayəsində 30 illik işğala son qoyduq. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxliyini böyük qürur hissi ilə qeyd edir.  Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

DİGƏR Xəbərlər Arxiv