YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin uzaqgörənliyi bütün antiazərbaycan qüvvələrinin planlarını alt-üst etdi

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

2003-cü ilin 15 oktyabrında keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı bir daha öz iradəsini ortaya qoydu, ulu öndər Heydər Əliyev müəllifi olduğu siyasi kursun ölkəmizi firavan gələcəyə doğru aparan yeganə yol olduğunu və bu yola yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etmək niyyətini aşkar şəkildə bəyan etdi.

Son 19 ildə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artıran Azərbaycanda  bu dövr ərzində əhatəli sosial siyasət həyata keçirilib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Məhz sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun prioritet istiqamətlərindən biridir. Dövlət başçımızın sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Ulu Öndərin irəli sürdüyü inkişaf strategiyasını ötən 19 ildə inamla davam etdirməklə yanaşı, eyni zamanda da yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına nail olmuşdur. Başqa sözlə, dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini təmin etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı balanslaşdırılmış praqmatik xarici siyasət sayəsində bu gün ölkəmiz dünyanın nüfuzlu söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. O cümlədən hazırda regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr yalnız Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan müstəqil xarici siyasət həyata keçirən suveren dövlət kimi etibarlı və arzuolunan strateji tərəfdaş kimi tanınır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, eləcə də 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir

Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə indiyədək müşahidə olunmayan rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan siyasi fəaliyyət təcrübəsi gətirdi. Bununla da ölkədə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdı. Həmçinin dövlətimizin başçısı peşakarlıq amilinə əsaslanaraq bəzi xarici islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu. Bu təhdidlərə qarşı ölkəmizdə dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə prinsipləri önə çəkildi. Azərbaycan Prezidenti “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da ölkənin və dövlətimizin gələcək inkişafını təmin etdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq fəlsəfəsi cənab Prezidentin yürütdüyü siyasətin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Bu gün artıq bütün dünyada tolerantlıq məkanı kimi qəbul olunan Azərbaycan Prezident İlham Əliyevin səyləri nəticəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Azərbaycanda həyata keçirilən çoxşaxəli enerji siyasəti nəticəsində ölkəmiz regional və qlobal əhəmiyyətli proseslərə təsir imkanlarına malik əsas iştirakçılardan biridir. Ölkəmiz bu gün enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Təbii ki, Azərbaycanın 2003-cü ildən bəri keçən müddət ərzində qazandığı uğur və nailiyyətlərin sırasında dövlətçilik tariximizin ən böyük Qələbəsi kimi 44 günlük Vətən müharibəsinin nəticələri müstəsna yer tutur. II Qarabağ Savaşına qədər ötən illər ərzində Prezident İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, biz müharibə yolu ilə bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. 2003-2020-ci illər ərzində dövlətimizin başçısı tərəfindən görülən məqsədyönlü tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu, ölkənin iqtisadi inkişafı təmin edildi, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində  Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu gün isə Azərbaycan Ordusu artıq bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın əsas qarantı kimi çıxış edir. Buna görə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti bu gün də durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir.