YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stratej tərəfdaşlığın daha bir təntənəsi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.  Bu gün Azərbaycanın belə bir mövqeyə sahi olmasında heç şübhəsiz Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusuun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə və regionda yaranan reallıqlardır. Bundan əlavə Prezident İlham Əliyevin qətiyyətli və uğurlu diplomatic fəaliyyəti nəticəsində Azərbaycan regionda özünün liderlik keyfiyyətlərini mükəmməl şəkildə sərgiləyərək qlobal miqyasda baş tutuan enerji və digər sahələrdəki layihələrdə öz liderlik keyfiyyətini hər zaman ortaya qoyur.

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Avropa ilə bu istiqamətlərdə əlaqələrdə Bolqarıstanın mövqeyi danılmazdır.

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır. Qeyd edək ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Ölkələrin əməkdaşlıq münasibətləri Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənmişdir.

İki ölkə arasında münasibətlərdə yeni mərhələ Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ilin sentyabrında ilk dəfə Bolqarıstana rəsmi səfərə getməsi ilə başlandı. İki ölkə prezidentinin təkbətək görüşündə Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirmişdir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəri böyük rol oynamışdır.

Son olaraq isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin sentyabr ayının 30-da Bolqarıstana olan rəsmi səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına mühüm töfhələr vermişdir. Əlaqələrin inkişafında isə energetika sahəsindəki əlaqələrə xüsusi diqqət ayrılmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.

"Cənab Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var", - deyən Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxışı zamanı bu il diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimizi xüsusilə diqqətə çatdırmışdır. Bolqarıstan prezidenti bildirmişdir ki, bu səfər çərçivəsində oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı mühüm hadisədir. Bu strateji layihə həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox önəmli layihədir: "Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik".

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb. Tədbirdə Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edilib. Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildiriblər. Həmçinin, Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd ediblər. Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir. Səfər çərçivəsində elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı da müzakirə olunmuşdur.

Hazırda Cənubi Qafqazın ən perspektivli ölkəsi olan Azərbaycan qloballaşan dünyaya inteqrasiyasının yeni mərhələsindədir. Bu gün regional güc mərkəzinə çevrilən Azərbaycan dövləti ilə iqtisadi və siyasi tərəfdaşlığı genişləndirmək istəyən ölkələrin sayı artmaqdadır. Ölkəmizə yönələn xarici maraqlar həm də ona əsaslanır ki, burada siyasi sabitlik və iqtisadi inkişaf davamlıdır. Bütün bunlar da Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə bağlıdır.