YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər.

Azərbaycanda ən yüksək yaşayış məntəqəsi olan Qubanın Xınalıq kəndindən başlayan yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə Qızıl Qaya silsiləsində yerləşən zirvəyədək davam edib.

Ulu Öndərin əziz xatirəsini yad etmək və çoxmillətli kollektivin dərin ehtiramını bildirmək məqsədilə keçirilmiş bu yürüşdə iştirak edən BEGOC-un əməkdaşlarından Royal Şirinov və Zaur Xəlilov birinci Avropa Oyunlarının bayrağını “Heydər zirvəsi”nə qaldırıblar.

Zirvəyə ilk dəfə yürüş etdiyini vurğulayan Zaur Xəlilov səfərin ekstremal vəziyyətdə həyata keçdiyini deyib: “Səyahət zamanı ildırım və şimşək çoxlarını geri qayıtmağa vadar etdi. Dizə qədər qar, aydın olmayan yollar və qar altında itmiş işarələr də əlavə çətinlik yaradırdı. Dumana görə 4-5 metr aralıda olanları görə bilmədiyimiz üçün qabaqda nəyə rast gələcəyimizdən xəbərsiz idik”.

Zirvəyə qalxmaqdan böyük fəxr hissi duyduğunu bildirən Royal Şirinov da yürüşün çətinliyi barədə belə danışıb: “Bu, adi bir missiya deyildi. Zirvəyə qalxmaq hər nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməli idik. Hava şəraitinin kəskin dəyişməsi heç də asan yürüşün olmayacağından xəbər verirdi. Günorta saatlarında biz artıq məqsədimizə çatdıq və “Heydər zirvəsi”ndə qürurla “Bakı-2015”-in bayrağını dalğalandırdıq”.