YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, bu ölkə öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistanın bu revanşist siyasəti bütün region üçün təhdid yaradır. Görünən odur ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan regionda gərginliyin yaradılması üçün istifadə olunub və sıravi erməni xalqı bu siyasətin qurbanı olub. Məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan ölkəsinə çevrilmişdir. Ermənistan 30 il ərzində Azərbaycanın torpaqlarını işğalda saxlamış bir ölkədir. 2020-ci ildə ölkəmiz öz ərazilərini işğaldan azad etdikdən dərhal sonra Ermənistana sülh müqaviləsi imzalamaq təklifi ilə çıxış etdi. Lakin ötən müddət ərzində Ermənistanın davranışları bu ölkənin sülhdə maraqlı olmadığını təsdiq edir. “Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Bununla yanaşı Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Beynəlxalq ictimaiyyət özü də sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir.

12-14 sentyabr tarixlərində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 12-14 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Bütün bu təcavüzkar siyasət və əməllər rəsmi İrəvanın dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmasına ciddi əsas yaradır.

12-14  sentyabr tarixlərində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatlarının daha bir məkrli məqsədi vardır. Bu isə Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına edilən cəhdlərdir. Çünki Ermənistan buna görə də çox narahatdır. Bu ölkədə anlayırlar ki, Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri regionda onun geostrateji əhəmiyyətini artırır. Odur ki, yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.

Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvanın təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Bununla da, Ermənistan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın inkişafı, ölkəmizdə siyasi sabitliyin qorunması və güclənməsi bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Çünki Azəbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur və regionda davamlı sülh, əməkdaşlıq tərəfdarıdır. Azərbaycanın öz ordusunu müasirləşdirməsi və gücləndirməsi isə ərazi bütövlüyünün, suverenlyinin qorunmasını təmin etmək məqsədi daşıyır. Bir halda ki, müasir dünyada güc amili öz aktuallığını qoruyub saxlayır. Cari ilin 27 iyun tarixində Prezident İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışı zamanı bu mövzuya toxunmuş, bu gün dünyada güc amilinin ön planda olduğunu, beynəlxalq hüququn norma və prinsiplərinin işləmədiyini qeyd etmişdir. Belə ki, yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Ölkəmizdə mövcud olan xalq-dövlət birliyi də Azərbaycanın hərtərəfli güclənməsini təmin edir. 12-14 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatlarının qarşısının qətiyyətlə alınması Azərbaycanın güclü ölkə olduğunu, eləcə də, ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir. Təssüf ki, ölkə daxilində fəaliyyət göstərən anti-milli və radikal marginal qruplaşma Azərbaycanın apardığı uğurlu siyasətə kölgə salmaq məqsədi ilə əsassız fikirlər tirajlamağa çalışır, xüsusilə də işğaldan azad edilmiş ərazilərlə bağlı insanlarda yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Bu istiqamətdə çaşqınlıq yaradılmağa çalışılan əsas məsələrdən biri həmin ərazilərdən olan insanların köçürülməsinin guya dövlət tərəfindən yubadıldığı məsələdir. Lakin insanları çaşdırmağa çalışan həmin anti-milli qüvvələr anlamırlar ki, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə bağlı dövlətimizin işləyib hazırladığı strategiya mövcuddur. 12-14 sentyabr tarixlərində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident  İlham Əliyevin dediyi kimi planlı şəkildə həyata keçirilməlidir. Həmçinin mövcud istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatlara səbəb ola bilər.

Təxribatlarda maraqlı olan Ermənistanın yaratmış olduğu insidentin bir məqsədi də  ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. Bir sözlə, 12-14 sentyabr tarixlərində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Eyni zamanda, Ermənistanın bu təxribatda daha bir məkrli məqsədi cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərkənd şəhərindəki Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına ümid etməsi idi. Lakin Ermənistan artıq heç bir istədiyinə nail ola bilmir və bilməyəcəkdir. Necə ki,  Minsk Qrupunun dirçəldilməsi planları baş tutmadığı kimi, Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Sammitində Azərbaycana qarşı təzyiqlərin edilməsi planları da alınmadı.