YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeş mətbuatı Ermənistanın son təxribatından yazıb

Mərakeşin “əl-İslah”, sotaliraq.com, sijilmassapress.ma, journalaswat.com kimi aparıcı nəşrləri “Növbəti erməni təxribatı... Azərbaycanla sərhəddə gərginlik” sərlövhəli məqaləni dərc ediblər.

Məqalədə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işlərinə xüsusi diqqət yetirildiyi bildirilib. Prezident İlham Əliyevin böyük diqqəti və qayğısı ilə həyata keçirilən müasir tələblərə cavab verən geniş infrastruktur layihələri nəticəsində azad olunmuş ərazilər nümunəvi regiona çevrilməkdədir.

Mərakeş nəşrləri yazır: “Mənfur Ermənistanın işğalından həmin ərazilər azad edildikdən sonra Prezident İlham Əliyev yorulmadan regionda sülh və barışığın bərqərar olunması istiqamətində səylərini davam etdirir”.

Qeyd olunub ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan növbəti təxribata əl ataraq Daşkəsən, Kəlbəcər və Laçın rayonları ilə həmsərhəd ərazilərdən ağır silahlardan Azərbaycan Ordusunun hərbi mövqelərinə qəflətən zərbə endirib, bunun nəticəsində sərhəddə yenidən gərginlik yaşanıb. Azərbaycan Ordusunun lazımi cavab tədbirləri nəticəsində Ermənistanın döyüş nöqtələri məhv edilib, qarşıdurmanın geniş vüsət almasının qarşısı alınıb.

Məqalədə “əl-İslah” qəzetinin Azərbaycanın Rabatdakı səfirliyi ilə telefon danışığında səfir Oktay Qurbanovun azad edilmiş ərazilərdə aparılan geniş yenidənqurma işlərindən, bu baxımdan heç bir dövlətlə yenidən münaqişə və ya gərginlik yaşanmasında maraqlı olmadığından bəhs olunub.

Səfir ölkəsinin həmişə sülhə və ədalətə meyilli olduğunu, Ermənistanı da təxribatlardan və regionu yenidən silahlı münaqişəyə sürükləmək niyyətindən əl çəkməyə və hər iki ölkə xalqlarının mənafeyi naminə olan Azərbaycanla sülh müqaviləsini imzalamağa çağırıb.

Sonda O.Qurbanov Azərbaycan Prezidentinin müdrikliyi və uzaqgörənliyi sayəsində uzun müddət Ermənistan tərəfindın işğal olunmuş ərazilərin azad olunduğunu və hazırda oranın nəhəng tikinti meydanına bənzədiyini və bütün bunlardan tezliklə Azərbaycan xalqının bəhrələnəcəyini qeyd edib.