YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümidsizliyin və aqressiyanın anatomiyası

Yaxud radikal müxalifətin özünüifşası   

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan tarixi zəfərinin haqlı qürurunu  yaşadığı bir vaxtda birinci Qarabağ savaşını siyasi spekulyasiya predmetinə çevirərək xalqımıza 30 illik məşəqqət və iztirab yaşadanlar yenə meydana atılıblar. Hələ 44 günlük Vətən müharibəsində Müsavat və Xalq Cəbhəsi partiyalarının milli həmrəyliyə qoşulmaması onların bugünkü radikal davranışlarını əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi. Milli Şura kimi özünü təqdim edən marginal qrupdan isə əsla danışmağa dəyməz. Çünki bu qrup elə əvvəldən Azərbaycan hakimiyyətinə yox, Azərbaycan dövlətinə müxalif qrup kimi yaradılıb.  Ona görə yaranıb yox, yaradılıb deyirik ki,  adıçəkilən şura Azərbaycan siyasi sisteminin və ictimai münasibətlərinin zəruri sifarişindən yaranmayıb. Xaricdən Azərbaycana müstəmləkə gözü ilə baxan mərkəzlər tərəfindən milli dövlətimizi mümkün qədər çox zəiflətmək, hətta fürsət düşərsə onu tamamilə dağıtmaq istəyən güc mərkəzləri tərəfindən yaradılıb. Ona görə də, bu marginal qrup və onun ətrafında toplaşanların  fəaliyyəti Azərbaycanı dəyərsizləşdirməyə, lidersizləşdirməyə və dövlətsizləşdirməyə hesablanıb. Bu üçkomponentli siyasi kombinasiya qlobal imperializm tərəfindən uğurla sınaqdan çıxarılmış dağıdıcılıq metodudur. Üzdə demokratiya və insan hüquqları kimi universal dəyərləri təbliğ edirmiş kimi görünən bu üsul arxada milli birliyi və həmrəyliyi hədəfə almaqla cəmiyyəti qütbləşdirir, ümumi milli hədəfləri sıradan çıxarır, hamını hamıya qarşı qoymaqla siyasi sitemi gücsüzləşdirir. Cəmil Həsənli başda olmaqla Şuraya daxil olan insanların bir qismi bunun fərqində olaraq məqsədli şəkildə, bir qismi isə qeyri-şüuri formada bu məqsədlərə xidmət edir.  Nəticədə sosial sistemin kütləvi qeyri-şüuri davranış inersiyasına arxalanaraq dağıdıcılığı da kütləvi sindroma çevirməyə çalışırlar. Ancaq alınmır ki, alınmır.

Tam əksinə, Zəfər müharibəmizdən sonra bu marginallar daha da tənhalaşırlar. Çünki müstəqil dövlətimiz və mövcud iqtidar Azərbaycan xalqının 100 illik arzusunu, gözləntisini, ümidini  reallığa çevirərək onu qalib xalq edib. Bu elə bir kütləvi milli sevinc və qürur hadisəsidir ki, hər bir azərbaycanlı bununla fəxr edir. Bu isə marginalları, Altay Göyüşovları, Gültəkin Hacıbəyliləri, Cəmil Həsənliləri, Sevinc Osmanqızını hövsələdən çıxarır, çarəsizləşdirir, ancaq həm də aqressivləşdirir. Həmişə  ekstremal vəziyyət insanın həqiqi keyfiyyətlərini üzə çıxarır. Hazırda bu vəziyyətə düşən marginalların da həqiqi kimliyi və məqsədləri ortaya çıxır. Bəlli olur ki, Altay Göyüşov ermənilərdən daha çox ermənipərəst imiş. Ona görə də əldə etdiyimiz tarixi qələbəni nə xalqımıza, nə də bu qələbəni əldə edən müzəffər ordumuza bağışlaya bilir. Ordumuzu azadlıq ordusu kimi yox, işğalçı ordu kimi görür. Zəngəzur kimi tarixi vətənimizin və özlüyündə mühüm strateji coğrafiyanın ona lazım olmadığını bildirir. Ancaq bu ərazi Göyüşova lazım olmasa da illərdir Zəngəzur, Göyçə, İrəvan, Dərələyəz, Vedibasar, Ağbaba həsrətilə yanan vətən oğullarına lazımıdr. Azərbaycan xalqına lazımdır! Həm də hava və su kimi lazımdır. Bizi o torpaqlara əcdadlarımızın ruhu, orada bizi gözləyən müqəddəs məzarlıqlarımız, milli dini abidələrimiz səsləyir. Və biz Altay Göyüşova və ermənilərə rəğmən Zəngəzura gedəcəyik!

Məsələnin digər bir tərəfi də elə göyüşov sindromundan fərqlənmir. Bu Əli Kərimlinin və Arif Hacılının mövqeyi ilə əlaqədardır. Vaxtilə 1992-ci ildə Xocalı faciəsi üzərindən hakimiyyətə gələn bu zehniyyət indi yenə də müqəddəs şəhidlərimizi siyasətə alət etməyə çalışır. “Şəhid verib nə qazandıq” kimi suallarla ictimai düşüncəni manipulyasiya etmək istəyirlər. Zəngəzur haqqında elementar coğrafi anlayışı olmayan Əli Kərimli irad tuturdu ki, niyə Prezident Laçın demir, Zəngəzur deyir. Heç olmasa Prezidentin Şərqi Zəngəzur İqtisadi zonası ilə bağlı Sərəncamına baxıb bu zonaya hansı rayonlarımızın daxil olduğunu öyrənmir, ya da bilrəkdən toponim manipulyasiyası edir. Arif Hacılı və Əli Kərimli tarixi zəfərimizdən sonra hakimiyyətə gəlmək ümidlərini birdəfəlik dəfn ediblər. Bilirlər ki, Azərbaycan xalqı onu məğlubiyyətə və vətəndaş müharibəsinə düçar edənləri deyil, ona zəfər və qalibiyyət gətirən siyasi zehniyyəti seçəcək. Bu ümidsizlik onları daha da aqressivləşdirir. Aqressivləşdikcə də özlərini ifşa edirlər.

Azərbaycan xalqı heç vax indiki qədər həmrəy və monolit olmayab. Bu birlik “dəmir yumruq” ətrafında  birləşərək milli gücümüzü milli məqsədlərimiz üçün səfərbər edib. Qələbəmizin və uğurlarımızın da sosial düsturu elə budur.

İnformasiya savaşında Azərbaycana qarşı düşmən səngərini seçən Qubad İbadoğlu da  digər şəbəkə fəalları da boşuna enerji xərcləyirlər. Çünki yazdıqları statuslarda  özlərini və kimə xidmət etdiklərini çox aydın şəkildə büruzə verirlər.

Bizə qarşı qlobal imperializmin yaratdığı informasiya ordusu 44 günlük savaşda məğlub etdiyimiz düşmən ordusundan heç nə ilə fərqlənmir. Sadəcə real məkandan virtual məkana transfer olunmuş formadır. Savaş metodları və üslubları da eynidir. Manipulyasiya etmək, qeyri etik və qeyri–mənəvi üsullara əl ataraq arxadan zərbə vurmaq.

Bütün bunlara baxmayaraq, Azərbaycan demokratiya və milli dövlətin daha da gücləndirilməsi yolunda qətiyyətlə irəliləyir. Yeni reallığın yeni tarixi çağırışları üçün özünü səfərbər edir. Çatacağımız məqsədlərimiz isə daha güclü, daha demokratik  gələcəyimizi təmin edəcək.