YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin ruhu şaddır

Biləsuvar rayonunun Dəvrişli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Zamiq Mənsimli, Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov, müharibə veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər şəhid Nemət Sultanovun I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanır.

Daha sonra məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra Dəvrişli kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Nemət Sultanov 1992-ci il avqustun 16-da Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib, sentyabrın 11-də torpağa tapşırılıb. Onun adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə verilib.