YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada nümunəvi tərəfdaş kimi tanınır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan son illərdə Qərbin enerji təhlükəsizliyində önəmli mövqe qazanmışdır. Bu, Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı bir daha öz təsdiqini tapdı. 2022-ci ilin göstəricilərinə görə, İtaliya dünyanın 8-ci ən böyük iqtisadiyyatına malik “Böyük yeddilik” ölkəsidir. Bu ölkənin şirkətləri sənaye, o cümlədən müdafiə və yüngül sənaye, energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti və digər sahələrdə dünya üzrə ən ön sıralardadır. İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra maraqlı məqamlara diqqət çəkdi. Hazırda Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmaq əzmindədir. Avropanın enerji xəritəsində Azərbaycanın artan rolu və potensialı bunu deməyə imkan verir. Azərbaycan Rüespublikasının Prezidenti İlham Əliyev İtaliyaya səfəri təkcə iki ölkə arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri əhatə etmir, səfər zamanı Prezident əsasən Qərblə Rusiya arasında yaşanan münasibətlər fonunda yaranmış enerji böhranından çıxış yolları barədə çağırışlar etdi. Təbii ki, bu həllər təklifində başlıca yerdə olan TAP-ın genişləndirilməsi idi. Prezident açıq şəkildə Avropa auditoriyasına çatdırdı ki, TAP-ın ixrac gücünün iki dəfə artırılması ilə bağlı Azərbaycanın resurs qıtlığı yoxdur. Çünki ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrdir. Prezident Azərbaycanın bu kəmərdə payının 20 faiz olduğunu da vurğuladı. Söhbət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) TAP səhmdarları arasında olan payından gedir. Prezident bildirdi ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ancaq məsələnin praktik həlli üçün yerdə qalan səhmdarların da bu məsələyə müsbət cavabı lazımdır. Bu cavab məsələnin kommersiya həllini tapması üçün lazımdır. Yəni ora kapital qoyulsun, hərtərəfli mənada dəstək verilsin. Səfər zamanı Prezident maraqlı rəqəmlər səsləndirdi: “Azərbaycan indiyə qədər Avropanın üç ölkəsinə 13,5 milyard kubmetr qaz ixrac edib. Bu qaz həcminin 11.7 milyard kubmetri və yaxud da 87 faizə qədəri İtaliyanın ehtiyaclarının ödənməsinə sərf olunub. Prezident İlham Əliyev daha bir proqnozunu açıqladı ki, cari ildə İtaliyaya 10 milyard kubmetr qazın ixracı planlaşdırılır. 2013-cü ildə “Şahdəniz” konsorsiumu ilə Avropada Azərbaycan qazının alıcıları arasında imzalanan alqı-satqı müqaviləsinə görə, İtaliyadan olan alıcılar ölkəmizdən ildə 8 milyard kubmetr qaz idxal etməli idilər. Bu, Azərbaycanın öhdəliyi idi. Ölkəmiz ötən il İtaliyaya 6,8 milyard kubmetr qaz göndərmişdi. Azərbaycanın mövcud artımı İtaliyanın ümumi enerji böhranı fonunda baş verib. Yəni onların Rusiyadan qaz idxalı azalıb, nəticədə Azərbaycan alterativ mənbə kimi İtaliyanın qaz bazarına ixracını cari ildə 12-13 faizə qədər artıracaq. Maraqlı bir məqamı qeyd etmək istərdim ki, ötən il Azərbaycan İtaliyanın qaz bazarında 10 faiz yer tutmuşdur. Ölkəmiz üzərinə düşən öhdəliyi artıqlaması ilə yerinə yetirib. İndiyə qədər neft-qazla bağlı Azərbaycandan asılı olan nə varsa, onu həyata keçirib. Buna görə də Azərbaycanı Avropada nümunəvi təchizatçı kimi tanıyırlar. Prezident İlham Əliyevin “Bizim sözümüzün imzamız qədər qüvvəsi var” məşhur fikri bir daha burada öz təsdiqini tapır. Rusiyanın “Qazprom” şirkəti “Şimal Axını-1” layihəsini üçgünlük müvəqqəti dayandırdığını elan edəndən sonra Avropaya qaz ixracını bərpa etmədi. Bu, onu göstərdi ki, Rusiya artıq Avropanın, Qərbin gözündə stabil, nümunəvi və müqavilələrə əməl edən bir təchizatçı rolunu itirib. Bunun əvəzində bazara Azərbaycan kimi yeni bir oyunçu çıxıb. Prezident həmçinin çıxışında bərpaolunan enerjiyə sərmayə qoyuluşundan, Azərbaycandakı bərpaolunan enerji sahələrinin potensialından bəhs etdi. Bildirdi ki, “Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək”. Artıq Azərbaycanda istehsal olunan elektrik enerjisinin Avropaya nəqli prioritet məsələyə çevrilib. Bu baxımdan hər iki tərəf əlaqələrin genişləndirilməsində maraqlıdır.