YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldən Romaya: Avropada Bakı vaxtı – TƏHLİL / VİDEO

Bir daha və yenidən şahidlik edirik: Avropanın gündəminin Bakının siyasi gündəliyi əsasında, geosiyasi təqviminin isə Bakı vaxtı ilə müəyyən olunmasına...

Söhbət Prezident İlham Əliyevin Belçikaya, ardınca isə İtaliyaya səfəri zamanı keçirilən görüşlər, müzakirə olunan məsələlər, verilən mesajlar fonunda formalaşan geostrateji mənzərədən gedir...

Brüsseldə - “qoca qitə”nin siyasi paytaxtında İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında baş tutan dördüncü üçtərəfli görüş Azərbaycanın müəllifi olduğu yeni reallıqların daha bir diplomatik və hüquqi-siyasi təsdiqi oldu. Avropa İttifaqı Şurası prezidentinin bəyanatı bir daha nümayiş etdirdi ki, sülh gündəliyi qalib tərəfin – rəsmi Bakının obyektiv yanaşması, qətiyyətli mövqeyi və prinsipial siyasəti əsasında müəyyənləşib. Yəni yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır. İki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, humanitar məsələlərin həlli diqqət mərkəzindədir.

Şarl Mişelin bəyanatında əks olunan fikirlər isə bir neçə məqamdan xəbər verdi:

- Birincisi, Avropa İttifaqı regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır və müvafiq təşəbbüslərini davam etdirir;

- İkincisi, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə, o cümlədən Avropa İttifaqı timsalında qəbul edilir;

- Üçüncüsü, Avropa İttifaqı postmüharibə reallığı ilə əlaqədar mövqeyini Azərbaycanın yanaşmasına uyğun müəyyən edir. Başqa sözlə, qurum bu prosesdə Bakının mövqeyini əsas götürür. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını əks etdirir, quruculuğa və proqressə xidmət edir;

- Dördüncüsü,  proses davam edir. Aİ Şurasının Prezidentinin noyabrda yeni görüşün anonsunu verməsi qarşıdakı dövrdə də intensiv diplomatik trafikin müşahidə olunacağını göstərir;

- Beşincisi, sülh müqaviləsinə doğru məsafənin qət edilməsi reallıqdır.  Gerçəklik isə budur ki, iki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol və “yol xəritəsi” yoxdur.

Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı keçirilən görüşlər, tədbirlər zamanı səsləndirilən fikirlər, o cümlədən dövlət başçımızın müsahibələrində əksini tapan məqamlar isə bir neçə nüansdan xəbər verir:

- Birincisi, regionda lider, dünyada isə söz və nüfuz sahibi olan Azərbaycan Avropanın etibarlı, perspektivli və vazkeçilməz tərəfdaşıdır. Bakıya inam böyük, güvən isə sonsuzdur. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kurs təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlməyib, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət edir;

- İkincisi, regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Ona görə də ölkəmizlə tərəfdaşlıq, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq “qoca qitə” üçün xüsusi seçim və strateji prioritetdir;

-  Üçüncüsü, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən Azərbaycan bölgədə yeni nizam yaradır. Bakı ilə strateji təmasların gücləndirilməsi - çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi region dövlətləri ilə yanaşı, güc mərkəzləri, o cümlədən Avropa İttifaqı üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil, Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir;

Nəhayət, həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Çünki yeni dünya nizamına keçid şəraitində və perspektivdə Azərbaycan nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın önəmli - açar rola malik dövlətlərindən biri kimi dəyərləndirilir.

Nəticə etibarilə, Bakı-Brüssel-Roma geosiyasi xəttində müşahidə edilənlər Azərbaycanın yenidən dünyanın diqqət mərkəzində olduğunu, geosiyasi nəzərlərin regionun diplomatiya paytaxtı kimi çıxış edən Bakıya yönəldiyini təsdiqləyir. Necə deyərlər, regionda saatlar Bakı vaxtı ilə qurulur.