YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankının prezidenti bankın İllik Toplantısının keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib

Aprelin 30–da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Bankın prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi Bankın Rəhbərlər Şurasının İllik Toplantısının Bakı şəhərində keçirilməsi məmnunluqla qeyd olunub.

Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Takehiko Nakao Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını diqqətə çatdırıb. Eyni zamanda, etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunaraq, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.

Sonra AİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olaraq, xatirə kitabına ürək sözlərini yazıb.

AİB-nin Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov və bankın prezidenti Takehiko Nakao AİB-nin İllik Toplantısının keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində Rəhbərlər Şurasının əsas iclasının, seminarların və panel müzakirələrin keçiriləcəyi sahələri, həmçinin mətbuat mərkəzini gəzərək son hazırlıq işlərinin gedişi ilə tanış olub, Qeydiyyat Mərkəzinə gələrək öz yaxa kartlarını götürüblər. AİB prezidenti ev sahibi kimi Azərbaycan hökuməti tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirib.

“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında mayın 2-dən 5-dək keçiriləcək AİB-nin Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3 minə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv