YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxtərəfli əməkdaşlıq platformaları: Azərbaycan proseslərin mərkəzində - TƏHLİL / VİDEO

Beynəlxalq münasibətlərdə gərginliyin hökm sürdüyü vaxtda əməkdaşlıq çağırışlarının aktuallığı və əhəmiyyəti artır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar müxtəlif təkliflərlə çıxış edirlər.

Azərbaycan isə Avrasiyada çoxtərəfli əməkdaşlıq platformalarının mərkəzində dayanır. İndiyə qədər ölkəmizin fəal və qətiyyətli mövqeyi fonunda üçtərəfli, dördtərəfli və digər formatlarda müxtəlif işbirliyi layihələri gündəmə gəlib və reallaşdırılıb.

Hazırda belə tərəfdaşlıq nümunələrinin yaranmasını zəruri və mümkün edən əsas amil isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlardır.

Tarixi Zəfərdən sonra Azərbaycan və Türkiyə prezidentlərinin birgə irəli sürdüyü “3+3”, yəni altılıq platformasını regional əməkdaşlıq konsepsiyasının mühüm tərkib hissəsi hesab etmək olar. Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Qazaxıstan-Türkiyə və digər çoxtərəfli əməkdaşlıq formatları da genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir.

Avqustun 2-də Azərbaycan, Özbəkistan və Türkiyə arasında imzalanmış Daşkənd Bəyannaməsi də bu reallığın tərkib hissəsidir. Bəyannamədə Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından vacibliyi də vurğulanır. Bu isə onu deməyə əsas verir ki, yeni format üç ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində işbirliyinə təkan, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Ümumiyyətlə, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi beynəlxalq geosiyasi gündəlikdə xüsusi yer tutur. Çünki bu proyekt mühüm perspektivlər vəd edir və çoxşaxəli işbirliyinə əlverşli şərait yaradacaq.

Sadalanan amillər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir. Cənubi Qafqazın lider dövləti ilə əməkdaşlıq həm region dövlətləri, həm də regiondankənar qüvvələr, eləcə də güc mərkəzləri üçün strateji seçimdir.