YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enrike Mora: Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Aprelin 28-də Xarici İşlər Nazirliyində Azərbaycan və İspaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə İspaniya Xarici İşlər Nazirliyinin xarici siyasət və təhlükəsizlik üzrə baş direktoru Enrike Moranın görüşü keçirilib.

Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Xələf Xələfov ölkələrimizin siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələri qurulmasında maraqlı olduğunu qeyd edən Xələf Xələfov İspaniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın səylərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən Enrike Mora həmkarı ilə razılaşaraq əməkdaşlığın inkişafı üçün daha yüksək potensialın olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyaya rəsmi səfərinin tezliklə baş tutmasında maraqlı olduqlarını vurğulayan Enrike Mora ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edən Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək münaqişənin tezliklə həll edilməsi üçün BMT, Avropa İttifaqı, ATƏT kimi mühüm təşkilatlar tərəfindən təsirli addımların atılmasının vacibliyini vurğulayıb.

Etnik və dini fərqliliyə görə separatizmin dəstəklənməsinin və dövlətlərin parçalanmasına cəhd edilməsinin demokratik prinsiplərlə ziddiyyət təşkil etdiyini qeyd edən Enrike Mora dövlətlərin ərazi bütövlüyü və suverenliyinin İspaniya üçün fundamental prinsip olduğunu vurğulayıb. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiklərini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.