YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: İslahatlar ölkənin inkişafına yönəlib

“Son illər regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində hәyata keçirilәn abadlıq – quruculuq işləri geniş vüsət alıb və uğurlu nәticәlәrlə yadda qalıb. Müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Xüsusilə aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına daha çox əhəmiyyət verilib”.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

O, qeyd edib ki, regionlarda yeni qaz, su xətləri çəkilib, modultipli sutəmizləyici qurğular quraşdırılıb, əhali içməli su ilə təmin edilib, yollarda təmir-tikinti işləri aparılıb, müasirtipli körpü və tunellər istifadəyə verilib, yüzlərlə məktəb, uşaq bağçası, tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işlərinin görüldüyünə, böyük infrastruktur layihələrinin icra edilməsinə toxunub, uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığını xüsusi ilə qeyd edib.

Ramil Orucov vurğulayıb ki, hər üç rayonda kənd təsərrüfatının, turizmin inkişafı üçün çox gözəl imkanların olduğunu dilə gətirən dövlət başçısı yeni icra başçılarına rayonlarda vəziyyəti geniş təhlil etməyi, mövcud nöqsanlar aşkar edilməyi və aradan qaldırmağı tövsiyə edib: “Sözsüz ki, xalqın və dövlətin maraqlarının, milli mənafelərin ön plana çəkilməsi bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir, düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Bu tərəqqinin geniş vüsət almasında məmur-vətəndaş münasibətlərinin də xüsusi rolu var. Ölkə rəhbərinin dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların yol verdiyi ciddi nöqsanlar, məmur özbaşınalıqları, korrupsiya, rüşvətxorluq kimi neqativ hallar görülən saysız-hesabsız uğurlara kölgə salır”.

“Unutmayaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə hədəflənib. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi” ,- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib.