YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etimad vicdanlı yanaşma tələb edir

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Təmir-inşaat sektorunda çox maraqlı bir ənənə formalaşıb. Bir binanın həm təmirdən əvvəlki, həm də sonrakı görüntüləri çəkilib stend yaradılır və nümayiş etdirlir. Bu, görülən işin miqyasını, kəmiyyət və keyfiyyət fərqini göstərmək üçün ən sadə, lakin effektiv metoddur.

Siyasət bir az fərqlidir. Onu təkcə fotolarla, stendlərlə, hətta filmlərlə belə, tam əks etdirmək mümkün deyil. Siyasətin qiyməti, daha çox nəticələrlə, insanların gündəlik həyatında baş verən dəyişikliklərlə, komfort və rifahla  ölçülür.   

Təxminən 19-20 il bundan öncəyə qayıtmaq istəyirəm. Ona görə yox ki, ondan əvvəlki 10 ilin dəyəri azdır, yox! Ona görə ki, o illər dağıntıların, tənəzzülün, iflasın qarşısının alındığı, nəticələrinin aradan qaldırıldığı və yaradıcı, yeni gələcək üçün zəmin hazırlandığı illər idi.

Yanılmıramsa Z.Bzejinskinin “Böyük şahmat taxtası” kitabından oxumuşdum bu sətirləri. Kitabda Bzejinski, Heydər Əliyevlə söhbətindən bir parçanı əks etdirir. Deyir, Heydər Əliyevə sual etdim; “Cənab Prezident, demokratik və inkişaf etmiş dövlət kimi Azərbaycanın gələcəyini necə görürsünüz?” Deyir, Bir az düşündükdən sonra cavab verdi, “Cənab Bzejinski, demokratik olmaq üçün, öncə dövlət olmaq lazımdır”.

Bəli, o dövrlər, dövlət olmaq üçün çabaladığımız, iflasdan, tənəzzüldən qurtulmaq üçün  səy göstərdiyimiz – obrazlı desək – simurq quşu kimi, yenidən dirilib küllərin içərisindən qalxmağa çalışdığımız illər idi. Növbəti mərhələ artıq quruculuq və intibah illəri, dövlətimizin, keçmişin ağır mirasından qurtulub, yeni reallıqlara, yeni standart və yanaşmalara uyğunlaşması, sivil dünyanın bir parçasına çevrilməsi mərhələsi idi.

Yazının əvvəlindəki, “stend” paralelini, keyfiyyət və kəmiyyət müqayisəsini təsadüfən xatırlatmadım. Çünki ölkənin çöhrəsindəki, sosial-iqtisadi inkişafındakı dəyişiklik nə qədər vacibdirsə, daxili həyatındakı dəyişiklik - idarəetmədə, etik-mənəvi dəyərlərə münasibətdə, bir sözlə həyat fəlsəfəsindəki kriteriyalara münasibətdəki dəyişiklik də o qədər önəmlidir. Ona görə də Prezidentimiz, az qala hər çıxışında, hər müsahibəsində, hər görüşündə bu məsələlərə geniş yer ayırır, ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırmaqla yanaşı, bu nailiyyətləri qorumağın və daha da inkişaf etdirməyin, ilk növbədə məsuliyyət və səlahiyyət sahiblərindən asılı olduğunu dönə-dönə xatırladır.

Bu mənada, Prezidentin Göygöl, Lerik və Masallı rayonlarına təyin edilən icra başçıları  ilə  görüşündə işlətdiyi ifadələr, verdiyi tövsiyyə və tapşırıqlar, qarşıya qoyduğu tələblər də istisna deyildi.

Sözsüz ki, həm sosial-iqtisadi inkişaf tempinə, həm malik olduğu təbii və insan resurslarına, eləcə də coğrafi mövqeyi, relyefi  və  iqlim  şərtlərinə görə regionlarımız arasında müəyyən fərqlər var və verilən tapşırıqlarda, qarşıya qoyulan inkişaf perspektivlərində bu fərqlər nəzərə alınır. Amma bir kateqoriyada tələblər  dəyişmir ki, bu da vəzifənin verdiyi üstünlüklərdən sui-istifadə, insanlarla ünsiyyət, diqqət-qayğı, idarəetmə metodları, şəffaflıq, təşəbbüskarlıq, təvazökarlıq, ədalət və məsuliyyətdir. Ölkə başçısı tərəfindən bu tələblərin sərhədləri dəqiq müəyyən edilib və onu keçənlər sərt şəkildə cəzalandırılır.   

Adları çəkilən rayonların – Prezidentin də qeyd etdiyi kimi – ikisi tam, biri isə qismən  dağlıq rayonlardır və  bu səbəbdən də bu rayonların inkişafı, xüsusilə kənd təsərrüfatının inkişafı, digərlərindən fərqli metod və yanaşmalar tələb edir. Lakin müasir aqrotexniki tədbirlərin tətbiqi  ilə  dağlıq ərazilərə xas olan spesifik bitkiçilik və heyvandarlıq sahələrinin inkişafı mümkündür və bir  sıra qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilməklə çox müsbət nəticələr əldə etmək olar.  

Artıq həyata keçirilmiş bir çox  infrastruktur və sosial  layihələr, buraların üstünlüklərindən, füsunkar təbiətindən, meşələrin, dağların, çaylar, şəlalələr və bulaqların zəngin potensialından istifadə, turizmi inkişaf etdirmək üçün böyük imkanlar açır. Rayon rəhbərlərinin üzərinə düşən ən ümdə vəzifə bu imkanlardan istifadəni təmin etməkdən, təşəbbüskarlıq göstərməkdən, istər daxili, istərsə də xarici investisiyaların cəlbinə təşəbbüs göstərməkdən və bununla da həm vətənimizi gözəlləşdirməkdən, həm insanlarımızın məşğulluğunu təmin etməkdən, həm də ölkəmizin iqtisadi inkişafına tövhə verməkdən ibarətdir.

Ölkə rəhbərimiz, həm şəxsi nümunəsi, həm də yaratdığı geniş imkanlarla,  öyrənmək və tətbiq etmək üçün  geniş  üfüqlər açıb,  presedent yaradıb. İşğaldan azad edilmiş ərazilərdə bütün ekoloji normalara uyğun,  inkişaf etmiş ölkələrin standartlarından istifadə edilməklə aparılan şəhərsalma prinsipləri, inkişaf və dəyişim  üçün  böyük  bir yol xəritəsidir. Yerli icra strukturları rəhbərlərinin əsas vəzifəsi, bu “xəritədən” düzgün istifadə etməklə xalqımızın, insanlarımızın “mənzil başına” çatdırılmasına, işıqlı gələcəyə, daha  modern və mürəffəh  cəmiyyətin  formalaşmasına yardımçı olmaqdan ibarətdir. Təbii sərvətlərimiz də, coğrafi mövqeyimiz də, ölkəmizin maliyyə imkanları da, infrastrukturumuz da, beynəlxalq əlaqələrimiz də bunun üçün müsaiddir. Tələb edilən, ancaq bu imkanlardan düzgün, səmərəli, ağıllı istifadə, ölkə Rrəhbərinin etimadına  vicdanlı yanaşmadır.