YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər zaman dilimizin və mədəniyyətimizin keşiyində

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ulu Öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafı istiqamətində də müstəsna xidmətlər göstərib. Çünki ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın milli varlığının təsdiqidir. Millətin millət kimi formalaşmasında dil ən mühüm amildir. Hər bir xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi onun dilində öz əksini tapır. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi işlər gerçəkləşdirmişdi. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Belə ki, ulu öndər Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in  konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirildi.

Müstəqillik dövründə ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlandı. Belə ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üçün olduqca əlverişli şərait yaranmışdı. Böyük öndərimiz doğma dilimiz  haqqında çox müdrik kəlamlar səsləndirib. Bu kəlamlardan birini xatırlayaq: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Bu gün dilimizin geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”. Həmin ildə Ulu Öndərin Fərmanı ilə 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan olundu. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

Bu gün  Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.  Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Eyni zamanda, müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Beləliklə, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi qərarlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını təsdiqləyir.