YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla əməkdaşlıq önəmli dividendlər vəd edir

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Prezident İlham Əliyevin qətiyyəti və  yenilməz ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması  Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Hazırda dünya siyasətçiləri regionda problemlərin həllində Prezident İlham Əliyevlə məsləhətləşir və dövlət başçımızın təşəbbüslərini yüksək dəyərləndirlər. Son vaxtlar ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə iki dəfə təbrik məktubu göndərməsi və dünyanın supergüc dövlətinin  ölkəmizlə əlaqələrini inkişaf etdirməkdə hazır olduğunu bildirməsi, Avropa Şurasının Prezidenti Şarl Mişelin dövlət başçımıza telefon zəngi zamanı bölgədə mühüm məsələlərin müzakirəsi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin  ölkəmizə səfəri və səfər çərçivəsində  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun imzalanması və dövlət başçılarının səfərləri respublikamızın dünya birliyində  getdikcə artan nüfuzunun göstəricisidir.  

Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində fəal iştirakçılardan olması beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmizin bu sahədə real imkanları onun xarici siyasətdə qazandığı uğurlara təkan verir, onu daha da dəyərləndirir.  Bu məsələlər yaxın günlərdə ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Prezident İlham Əliyevlə keçirdiyi görüşdə, həmçinin mətbuata bəyanatlarında da öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rol oynayan ölkələrdən birinə çevrilməsi də bu əməkdaşlığın bariz nümunəsidir.

Prezident İlham Əliyev da Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdi və tərəflər arasında  strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi  olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil: “Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var”.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqının Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarı olduğunu bildirdi. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biri olduğunu qeyd etdi. O, həmçinin Anlaşma Memorandumunün əhəmiyyətindən də söhbət açdı. Bildirdi ki, bu sənəd  bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir. Çünki bu memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Xanım Ursula Fon der Lyayenin dövlət başçımıza “Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək”, – müraciəti  ölkəmizin regionda söz sahibi olmasından xəbər verir.

Ümumiyyətlə, son  vaxtlar Azərbaycanın  Avropa İttifaqı ilə münasibətləri getdikcə daha da yaxşılaşır. Ölkəmiz öz milli maraqları çərçivəsində  bu nüfuzlu qurumla  əməkdaşlığa böyük önəm verir.  Avropa İttifaqı da respublikamızla münasibətlərin inkişafında maraqlı olduğunu gizlətmir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.