YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçiliyin və Xalqın xilaskarı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən başlıca xidmətlərindən biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır.

Təfsilata varmadan deyə bilərik ki, siyasi mübarizəsində də, diplomatiyasında da, idarəetmə təcrübəsində də geniş mənada tarixə yaddaşa, tarixi keçmişə, mənəviyyat tarixinə Heydər Əliyev qədər müdrikcəsinə istinad edən ikinci şəxsiyyəti nümunə göstərmək çətindir. Tarix onun üçün heç vaxt yaşanmış keçmiş qürrə, fəxr mənbəyi olmayıb, tarix bütün hallarda onun üçün gələcəyin məktəbi olubdur. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da uzun müddət milli siyasət müəyyənləşdirilərək həyata keçirilməyib. Milli siyasət dedikdə, çox vaxt etnik tərkibli rəngarəng və zəngin olan ölkələrdən biri kimi, Azərbaycanda millətlərarası münasibətlərin məqsədyönlü tənzimlənməsi başa düşülür. Halbuki milli siyasət millətlərarası münasibətlərin tənzimlənməsi siyasəti anlayışından çox-çox genişdir. Əslində, milli siyasət daha geniş anlayış olan dövlət siyasətini də özündə ehtiva edir. Milli siyasətdə dövlət maraqları da xüsusi nəzərə alınmaqla milli maraqlar ön plana çəkilir.

Heydər Əliyev qətiyyətlə bildirdi ki, “mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kəsin şübhəsi olmasın. İkincisi, mən heç vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım daxilində yol verməyəcəyəm və Sovetlər İttifaqının bir daha bərpa oluna bilməz”. Bu sözlərlə Heydər Əliyev vaxtilə Sovetlər İttifaqının başında duran şəxslərdən biri kimi imperiyanın bərpasına çalışan qüvvələrə qəti sözünü dedi və Bakıya qayıdışının məqsəd və məramını açıqlamış oldu.

Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı. Nəticədə torpaqlarımız düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. 1993-cü ilin iyun ayında isə ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini birdəfəlik itirmək təhlükəsi yarandı. Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe edilməsi dövlət quruculuğuna böyük zərbə vurdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular. İctimai fəlakətlə üz-üzə dayanmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, Vətəni bu təhlükədən yalnız Heydər Əliyev dühası, onun dövlətin idarə olunmasındakı zəngin təcrübəsi, dərin ağlı və zəkası, möhkəm iradəsi, mübarizliyi, millətin mənafeyinə sədaqəti, xalq işinə dərin məhəbbəti, torpağa bağlılığı qurtara bilər.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərinin tikintisinə başlandı və hazırda bu neft kəməri artıq istifadəyə verilmişdir. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. Böyük şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində artıq əldən getməkdə olan müstəqilliyimiz, milli azadlığımız qorunub saxlanıldı və daha da möhkəmləndirildi. Xalqın birliyinə, dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyev Konstitusiya səlahiyyətlərindən istifadə etməklə, nəinki dövlət çevrilişinə cəhd cinayətlərinin qarşısını aldı, həm də silahlı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə birdəfəlik son qoydu.

Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı.