YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ömrünü xalqına həsr edən dahi şəxsiyyət

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri 

“Azərbaycan  dünyaya günəş kimi doğacaq” – bu məşhur kəlamın müəllifi görkəmli siyasətçi və mahir diplomat, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün ömrünü və fəaliyyətini ölkəmizin azadlığına, inkişafına və dünyanın demokratik dövlətləri sırasında çıxmasına sərf etmişdir. Ümummilli liderimizin keçdiyi çətin, məsuliyyətli, kəşməkeşli və şərəfli yolun hər bir mərhələsi böyük bir həyat məktəbidir.

1993 – cü ilin iyun hadisələri zamanı Heydər Əliyevin müdriklüyü, cəsarəti və təmkini sayəsində qardaş qırğınının qarşısının alınması, onun hakimiyyətə gəlişindən az bir müddət sonra silahlı qruplaşmaların ləğv edilməsi,dövlət çevrilişinə cəhdlərin  aradan qaldırılması, ölkədə içtimai – siyasi sabitliyin bərpa olunması onun ən böyük xidmətlərindəndir. Haqlı olaraq 1993-cü ildə vəziyyəti düzgün qiymətləndirən xalq ulu öndər Heydər Əliyevin Bakıya - ölkə rəhbərliyinə gəlməsini istəyirdi. O zaman hakimiyyətdə olan, əslində isə hakimiyyətlərini  səriştəsizlikləri üzündən itirən cəbhəçilər belə bu reallıqla barışmağa məcbur idilər. Onlar da vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşıb ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdülər.

Ölkəyə rəhbərlik edənlər Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün Heydər Əliyevin gəlişini arzulayırdılar. Xalq isə öz sözünü müraciətləri, Naxçıvana yazdıqları məktubları ilə çoxdan demişdi.
1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Ulu Öndərin Ali Sovetin sədri seçilməsindən sonra ilk gündən parlamentarizm ənənələrinə sadiqlik özünü göstərdi. Hər bir qərarın qəbulunda aşkarlıq prinsipinə üstünlük verildi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət xalqa olduğu kimi çatdırıldı. İctimai-siyasi həyatdakı gərginlik tədricən aradan qaldırıldı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində olan Ulu Öndər bu müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclas aparmaq tərzi, hər bir məsələyə reaksiyası, fikirləri ümumiləşdirmək və dəyərləndirmək bacarığı yeni bir məktəbin - parlamentarizm məktəbinin əsasını qoydu.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Bu da tez bir zamanda öz bəhrəsini verdi. Qısa müddətdə ölkəyə investisiya axını başladı və bu da həm əhalinin güzəranında, həm də ölkənin iqtisadi cəhətdən möhkəmlənməsində özünü göstərdi.Bu gün regionun, dünyanın nüfuzlu bir dövlətinə çevrilmiş bu kiçik ölkə ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin məhsuludur. Məhz onun sayəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ulu Öndər ilk gündən etibarən vətəndaş cəmiyyəti quruculuğu və hüquqi dövlət məsələsini daim diqqət mərkəzində saxlayaraq davamlı islahatların reallaşdırılmasını təmin etdi.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalandı, ən çətin məqamlarda xalqla birlikdə oldu. Azərbaycan xalqında möhkəm bir əminlik yarandı ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycanın yeni tarixinin memarı və qurucusu kimi tarixləşdi və xalqın yaddaşında görkəmli dövlət xadimi kimi əbədiləşdi.
Bu gün Heydər Əliyev siyasi kursunu ölkəmizdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda əsaslı islahatlar həyata keçirilir. Digər tərəfdən isə Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbə və ölkənin ərazi bütövlüyünün təmin edilməsilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın qarşısında tamamilə yeni, daha geniş iqtisadi inkişaf perspektivləri açır. Heç bir şübhə yoxdur ki, xalqımız Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu imkanları reallaşdıracaq və Azərbaycan qısa zaman ərzində dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək.