YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX “Qlobal Bakı Forum”u dünyanın ən mötəbər informasiya və təcrübə mübadiləsi resursuna çevrilir

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad Rayon Təşkilatının sədri

Adından da göründüyü kimi “Forum” – qlobal problemlərin müəyyənləşdirilməsi və həlli məqsədilə təşkil edilən ictimai ünsiyyət vasitəsi olmaqla yanaşı, informasiya, təcrübə mübadiləsi, habelə məsləhət və yardım məqsədilə təşkil edilən tədbir, tematik resurs, aktual problemlərin həlli üçün yollar və vasitələr axtarmaq üsuludur.

İnformasiya subyektlərinin çoxluğu, rəngarəngliyi və statusu, problemlərin həll yollarının və üsullarının  da zənginliyini təmin etməklə yanaşı, tədbirin ciddiyyət və mötəbərlik əmsalını səciyyələndirən, populyarlığını xarakterizə  edən  faktordur. Bu problemlər, cəmiyyətin  istər siyasi, istər iqtisadi, sosial, dini, mədəni, ekoloji və s. sferalarında həmişə mövcud olmuş, zaman-zaman biri digərindən daha qabarıq, daha aktual şəkil almış və ictimai  fikrin  bu  istiqamətdə  təmərküzləşməsini labüd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə hər il keçirilən “Qlobal Bakı Forum”ları da dünyada baş verən qlobal proseslərə münasibət, münaqişələrin aradan qaldırılması, bu müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səyləri birləşdirilməsi, təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmanın yolları barədə fikir mübadiləsi, mövcud və gözlənilən böhranlara baxış tərzinin müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə problemlərin ədalətli həlli üçün beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, müharibələrin baş verməməsi üçün dünya güclərinin səylərinin artırılması, qlobal fəlakətlərin, pandemiyaların qarşısının alınması, xəstəliklərlə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsi, böhranların və münaqişələrin həlli,   daha təhlükəsiz dünyanın qurulması üçün çağırışların və təkliflərin səsləndiyi – bir sözlə -  qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə, vacib panellərdən birinə çevrilib. Bu səbəbdəndir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artır.

2013-cü ilin 7-8 May tarixindən etibarən təşkil edilən bu Forumlar ilkin olaraq, “Cənubi Qafqaz Forumu”, növbəti, 2014-cü ilin 28–30 aprel tarixlərində keçirilən ikinci Forum “Qlobal Açıq Cəmiyyətlər Forumu” kimi fəaliyyət göstərmiş, 2015-ci ilin 28–29 aprel tarixlərindən etibarən isə “Qlobal Bakı Forumu” adı altında fəaliyyət göstərməyə başlamışdır. Həmin ildən etibarən bu ad altında keçirilən Forum, Covid-19  pandemiyası ilə əlaqədar 2020-ci il istisna  olmaqla, hər il keçirilir.

Forumlarda hər il ortalama 50-dən çox ölkədən, 300-ə yaxın nümayəndə - sabiq və hazırkı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, səfirlər, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər, iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakının artıq ənənəyə çevrildiyi Forumlarda dünya gündəmində olan çeşidli məsələlər – o cümlədən qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları, açıq cəmiyyətlərin əhatə dairəsi, münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi, daxili iqtisadi artım siyasəti, keyfiyyətli təhsil və sosial xidmətlər üçün bərabər imkanların yaradılması, davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri, "Yeni dünya düzənində etimadın bərpa olunması", etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, ekologiya, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, mədəni irsin qorunması mövzuları prioritet təşkil edir, bu problemlərin həll yollarının tapılması istiqamətində müzakirələr aparılır.

Bu il  İyunun 16-da işə başlayan və sayca 9-cu olan “Qlobal Bakı Forumu”nda ənənəyə uyğun olaraq, dünyanın 50-dən çox ölkəsindən 300-ə yaxın ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmişlər.

Müzakirə mövzusu “Qlobal dünya nizamına təhdidlər” olan sammit, bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikir mübadilələri  ilə yaddaşlarda qalmış, qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm məsələlər ələ alınmışdır.  

Dövlət başçımız Forumun açılış mərasimində söylədiyi parlaq  nitqində, həm regional, həm də qlobal arenada  bir  çox  vacib məsələlərə münasibət bildirməklə yanaşı, diqqəti  bu məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına,  Forumun   praktik  təsirinin artırılmalı olduğuna cəlb etmiş,  dəyişən  dünyanın  fəsadlarına, təhlükəsizliyinə qarşı birgə mübarizə və müqavimətin zəruriliyinə vurğu etmişdir. Prezident,  ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq maliyyə institutlarının rolunun, həmçinin getdikcə artan miqrant problemlərinin həlli ilə bağlı məsələlərdə Beynəlxalq təşkilatlar və aparıcı ölkələrin səylərinin artırılmalı olduğunu qeyd etmiş, enerji bazarlarındakı vəziyyəti təhlil etmiş, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərliyin yolverilməz olduğunu, maraqlar tarazlığının, sabit bazarın təmin edilməli olduğunu söyləmiş, Azərbaycanın səylərinin məhz buna yönəldiyini bəyan etmişdir.

Prezident İlham Əliyev, ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər barədə də ətraflı məlumat vermiş, Qarabağ münaqişəsinin həllinin, həm otuz il ərzində yaşanmış işğal, dağıntı və humanitar böhranın nəticələrinin aradan qaldırılması, habelə regionda təhlükəsizlik və sülh üçün bir fürsət olduğunu bildirmişdir. Azərbaycanın sülhpərvər dövlət olduğunu qeyd edən Prezident, bunun ən bariz nümunəsinin, təcavüzkarı məğlub edən qalib dövlətin qarşıdurmanı davam etdirməyə yox, regionda sülh yaratmaq təşəbbüsünə üstünlük verməsi, Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyini nümayiş etdirməsi ilə əsaslandırmış, bu nadir fürsətin dəyərləndirilməli olduğunu, bunun üçün tərəfimizdən hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipi əsasında təkliflər irəli sürüldüyünü, sərhədimizin delimitasiyasına başlanılmasının, kommunikasiyaların açılmasının təklif edildiyini, bununla bağlı Ermənistanın hələ 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatda üzərinə öhdəliklər götürdüyünü, lakin bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir əməli addım atılmadığını təəssüflə xatırlatmışdır.

Məlum Bəyanata əsasən Azərbaycan, Qarabağda yaşayan erməni mənşəli vətəndaşların Laçın yolundan istifadə etməklə Ermənistanla maneəsiz əlaqə yaratmasını təmin etdiyi halda, qarşı tərəfin Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqəni təmin etmək barədə öhdəliyini hələ də təmin etməkdə tərəddüdün regionda  disbalans yaratdığını deyən Prezident, bunun ədalətsiz, qəbuledilməz  və Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulması olduğunu nəzərə çatdırmış, Azərbaycanın bununla razılaşmayacağını, bu öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə sülh haqqında danışmağın, birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş səylərin uğursuz olacağını qeyd etmişdir.

Azərbaycan Prezidenti, yüksək Sammitin kürsüsündən bir daha Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyinə zəmanət verildiyini,  Azərbaycan Konstitusiyasının ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələrinin olduğu kimi, heç də çoxsaylı milli azlıq olmayan erməni əhalisinə  də  bərabər hüquqlar verdiyini, onların da hüquq və təhlükəsizliyini təmin etdiyini bəyan etmişdir.

Prezident İlham Əliyev, zaman-zaman Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin səmərəsiz və Ermənistanın özü üçün təhlükəli tendensiya olduğunu dilə gətirmiş,  bunun çox ciddi nəticələri ola biləcəyini  xatırlatmış, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacağını bildirmiş, 1920-ci ilin noyabrında Azərbaycanın tarixi parçası olan Zəngəzurun sovet hakimiyyəti tərəfindən Ermənistana verildiyini xatırlatmış və əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Qərbi Zəngəzurda azərbaycanlılar üçün də eyni statusun tələb edilə biləcəyinə diqqət çəkmişdir.

Prezident eyni zamanda ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fikirlər səsləndirmiş, 1992-ci ildə təsis edilmiş və mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olan bu qurumun, 28 il ərzində heç bir nəticə əldə etmədiyini, Minsk qrupu tərəfindən hazırlanmış və “Madrid prinsipləri” adlandırılan prinsiplərin artıq öz həllini tapdığı, Azərbaycan münaqişəni öz gücü ilə həll etdiyi üçün Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmadığını, Rusiya-Ukrayna müharibəsindən sonra  isə  Minsk qrupunun üç həmsədr ölkəsinin bir araya gəlməsinin ümumiyyətlə  mümkün olmadığını bildirmiş, Ermənistandan gözlənilən addımların Minsk qrupunun dirçəldilməsi ilə əlaqədar qıcıq doğuran fərziyyələrlə yaşamaq yox, xoş məramla sülh sazişini üzərində çalışmaq, Qafqaza sülh gəlməsinə,  inteqrasiya və əməkdaşlığa töhvə vermək olduğunu söyləmişdir. Bunun əksinin növbəti müharibə olduğunu, bu müharibənin isə Ermənistan üçün fəlakətlə nəticələnəcəyini, erməni dövlətçiliyinin sonu olacağı barədə xəbərdarlıq etmişdir.

Çıxışının sonunu ətraf mühitin qorunması, təbiətin ciddi çirklənməsinə səbəb olan transsərhəd çaylar, nəqliyyat sahəsində əməkdaşlıq, tranzitlə bağlı yeni imkanlara həsr edən Prezident, qlobal gündəliyin aktual məsələlərindən olan enerji təhlükəsizliyindən də danışmış, Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatın artdığını, artan tələbatı təmin etmək üçün ölkəmizin əlindən gələni etdiyini və Avropa Komissiyası ilə yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen də daxil olmaqla enerji dialoquna start verildiyini söyləmiş, bərpaolunan enerji ilə bağlı Azərbaycanın potensialından söhbət açmış, bu istiqamətdə artıq işlərə başlandığını, il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmindən istifadə oluna biləcəyini, artıq  4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalandığını, təkcə Xəzər dənizinin potensialının 157 qeqavatdan ibarət olduğunu və  ümumiyyətlə hədəfinin Azərbaycanı yaşıl enerji zonasına, bərpaolunan enerji sahəsində beynəlxalq  enerji  bazarında  ciddi  oyunçuya çevrmək olduğunu nəzərə çatdırmışdır.

IX Bakı Qlobal Forumu, iştirakçıların da səsləndirdiyi kimi, fərqli fikirləri dinləmək, təcrübəli və xoşməramlı insanların ideyalarını irəli sürmələri üçün tribuna, azad məkan rolunu oynamış, beynəlxalq səviyyədə problemlərin ədalətli həlli, müharibələrin baş verməməsi üçün dünya güclərinin beynəlxalq səylərini artırmağa  çağırış  fürsəti, bu istiqamətdə imkanları birləşdirmək, beynəlxalq səviyyədə inteqrasiyanı və əməkdaşlığı genişləndirmək üçün vasitə, sülh, təhlükəsizlik, insan hüquqları, ərzaq və enerji çatışmazlığı problemlərinin yollarının axtarılması üçün müzakirə məkanına çevrilmişdir.