YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib

Ağstafa rayonunda respublika və beynəlxalq yarışların qalibi olmuş idmançı, Vətən müharibəsi şəhidi Xaləddin Cəlilovun xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

Rayon birinciliyində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yarış öncəsi Vətən müharibəsi şəhidi Xaləddin Cəlilovun həyat və döyüş yolu haqqında yeniyetmə idmançılara ətraflı məlumat verilib. Bildirilib ki, Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2008-2016-cı illərdə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xaləddin Cəlilov ölümündən sonra orden və medallarla təltif edilib.

Qeyd edək ki, turnirdə idmançılar I, II, III yerlər uğrunda mübarizə aparıblar. Qaliblər diplom və medallar ilə təltif olunublar.