YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Doğma torpaqlarımızda törədilmiş ekoloji terror - erməni vandalizmi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Həm bəşəriyyət əleyhinə, həm də beynəlxalq hüquqlara zidd olan cinayətlər törədən Ermənistana  bu günə qədər heç kimin verə bilmədiyi dərsi və cəzanı Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  güclü Azərbaycan Ordusu vermişdir. Ümumiyyətlə işğal dövründə ermənilərin sayəsində nəinki doğma Qarabağdakı su ehtiyatlarından məhrum olmuşduq, hətta əsas su təminatçısı olan çaylarımız, torpaqlarımız, flora və faunamız ekoloji terrora, çirklənməyə məruz qalmışdır. Erməni vandalları Azərbaycanın ən böyük çaylarından biri olan Tərtər çayından istifadəni məhdudlaşdırmaqla yanaşı həmişəki kimi məkirli siyasət aparırdılar. Belə ki, məqsədli şəkildə qış fəslində suyun axınına mane olmur, ancaq yay fəslində mövsümlə əlaqədar suya təlabatın çox olduğu bir zamanda çayın axınını dayandırır, anbarlarda saxlayırdılar. Nəticə etibarilə həmin ərazilərimizdə olan əkin sahələri ciddi şəkildə ziyan görürdü. Qış fəslində suyu buraxaraq qəsdən əkin sahələrini su altında qoyurdular. Çirklənməyə, ekoloji terrora məruz qalmış çaylardan biri də Oxçuçaydır. Azərbaycan bununla bağlı beynəlxalq məhkəmədə məsələ qaldırıb. Çayı zəhərləyən “Cronimet” şirkəti bunu təmziləyəcəyinə söz versə də, artıq bir il vaxt keçməsinə baxmayaraq heç bir tədbir görməmişdir. Heç beynəlxalq təşkilatlar da Azərbaycanın su ehtiyatlarına vurulan ziyana görə müvafiq tədbirlər görməmişdir. Qeyd etməliyəm ki, uzunluğu 7 kilometr olan Xaçınçay su anbarının bu yaxınlarda təmiri həyata keçiriləcəkdir. Xaçınçay su anbarı Fərrux dağının altında olduğundan anbarın təhlükəsizliyi və sudan istifadə edilməsində bu günlərdə nəzarətimizə keçən, Azərbaycanın üç rəngli bayrağının dalğalandığı, Fərrux dağının böyük əhəmiyyəti var. Ona görə ki, əvvəllər ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükə altına alırdı. Hələ bu, azmış kimi dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı - Xudafərin, Xaçınçay və Suqovuşan bərpa olunacaq. Bundan sonra böyük əraziyə suyun verilməsi mümkün olacaq. Həyata keçiriləcək tədbirlərdən biri də Həkəriçay su anbarının tikintisinin nəzərdə tutulmasıdır.

Prezident cənab İlham Əliyev 2022-ci ilin 1-ci rübünün yekunlarına həsr etdiyi müşavirədə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terrordan danışarkən bir sıra tarixi faktları qeyd etmişdir; Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terrorla bağlı bir neçə il bundan əvvəl Avropa Şurası Parlament Assambleyasında xüsusi məruzə hazırlanmış və qəbul edilmişdir. Ermənistan Tərtər çayının suyundan bizi məhrum etmişdi. Halbuki ümummili lider Heydər Əliyev Suqovuşan su anbarını inşa etdirəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağının suvarılması nəzərdə tutulurdu. Ancaq göründüyü kimi mənfurlar uzun illər bizi bu istiqamətdə olan imkanlardan məhrum etmişdir. Bütün bu faktlar həqiqətdəndə erməni vandalizminin sübutudur. Beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozan Ermənistan ekoloji terror törətməklə təbiətə, bir sözlə insan həyatı üçün vacib olan atmosferi ciddi təhlükə altında saxlamışdır. Təcavüzkarlar artilleriya atəşi ilə Göygöl Milli Parkının təbii landşaftına, flora və faunasına da ciddi ziyan vurmuşdur. Ana təbiətimizə qənim kəsilərək, ekoloji terror törətməklə bir daha sübut edirlər ki, erməni milləti vandaldır və ümumilikdə bəşəriyyət üçün təhlükə mənbəyidir. Partiyamızın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb". Dövlət başçısı onu da qeyd edib ki, işğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi. Bu gün işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq işləri aparılır və bununla yanaşı ekoloji terrora məruz qalan ərazilərimizə mütəxəssislər cəlb edilərək ağır fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Həyata keçirilən genişmiqyaslı işlər onu göstərir ki, yaxın gələcəkdə doğma torpaqlarımızdakı bütün su mənbələri müasir su təsərrüfatı sisteminə inteqrasiya olunacaq, əzəmətli meşələrimiz, ceyran, cüyür ovlağı olan ormanlarımızın gözəlliyi özünə qayıdacaqdır.