YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngəzur rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında Zəngilan rayonunda böyük infrastruktur layihələrin icra edilməsi və keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması ilə bağlı geniş məlumat verdi. Zəngilan rayonunu demək olar ki, erməni işğalçı qüvvələri tərəfindən yerlə-yeksan edildiyini, şəhərdə cəmi 1-2 salamat binanın qaldığını, o binalardan da Ermənistan işğalçılarının və hərbçilərin istifadə etdiklərini söyləyən Prezident bildirdi ki, “Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır”.

Bəli bu gün keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması ilə bağlı Zəngilan rayonunda mühüm işlər görülür. Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər buna əyani sübutdur. “Ağıllı kənd” layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli dörd qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur.

Prezident İlham Əliyev çıxışında, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanların olacağını da söylədi.