YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi kimi hər zaman öndədir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans ölkəmizin, regionun bu günü və gələcəyi ilə bağlı bir sıra məsələlərə ətraflı şəkildə aydınlıq gətirilməsi, eləcə də qarşıdakı hədəflər, məqsədlərə yekdil münasibət baxımından yadda qaldı.

23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransda çıxış edən ölkə Prezidentimiz cənab İlham Əliyevin toxunduğu vacib məqamlar bir daha onu deməyə əsas verir ki, regionun aparıcı qüvvəsi olan Azərbaycan siyasi qərarların qəbulunda və həyata keçirilməsində önəmli yer tutur. Dövlət Başçımızın dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Qafqazda sülhün, əmin-amanlığın, əməkdaşlığın möhkəm dayaqlar üzərində inkişafında maraqlıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bölgəni həmişəlik xarici maraqların girovundan xilas edib, regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradıb. Cənubi Qafqazın lideri kimi çıxış edən qalib ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə Azərbaycan xalqının deyil, bütün bölgə xalqlarının dinc birgəyaşayışına töhfəsini verməyə çalışır.

Bir sıra prioritetlər, mövcud reallıqlar və gələcək planlar açıqlanan beynəlxalq konfransda əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi idi. Beynəlxalq konfransda Prezident cənab İlham Əliyevin növbəti dəfə yeni reallıqlara aydınlıq gətirməsi, ölkəmizin öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazır olması da onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir.

“Biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir”. Ölkə Başçımızın səsləndirdiyi bu fikirlər Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyinin əyani təsdiqidir.

Eyni zamanda, Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Bu baxımdan dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana toplaşması heç də təsadüfi deyil. Bu gün bölgənin rifahı, dayanıqlı sülh və sabitliyin təmin olunmasında Azərbaycan Prezidentinin siyasətinin bir nömrəli prioriteti olması ölkəmizin Cənubi Qafqazda əsas söz sahibi kimi hər zaman öndə olmasına zəmin yaradıb.