YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları və partiya üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla anaraq, məzarları önünə əklil və gül dəstələri qoyublar.

YAP Yasamal rayon təşkilatında keçirilən tədbir ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirələrinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Daha sonra Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş videoçarx təqdim olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınan, elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə Azərbaycan qadını olaraq xeyirxahlıq, ziyalılıq, analıq simvoluna çevrilən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat yolu və fəaliyyəti olduqca şaxəlidir. Alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan görkəmli oftalmolog-alim, akademik Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti yaddaşlarda əbədi olaraq həkk olub.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Leyla Babayevaya vurğulayıb ki, yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının dosenti Nüşabə Hacıyeva isə bildirib ki, görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı ulu öndər Heydər Əliyev, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak edib.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri professor Elmira Qədimova Zərifə Əliyevanın professional elmi kadrların yetişdirilməsində böyük xidmətləri olduğunu söyləyib.