YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan münasibətləri yüksək xətlə inkişaf edir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütüblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Azərbaycan da bu gün qarşıya qoyulan bütün məqsədlərə nail olan və dünyanın demək olar ki, bütün dövlətləri ilə humanizm prinsipləri əsasında dostluq münasibətləri quran güclü dövlətdir. Digər türk dövlətləri ilə olduğu kimi Azərbaycanın Qırğızıstanla olan  münasibətləri də qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Bildiyimiz kimi hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Ölkələrimiz SSRİ-nin tərkibində müttəfiq respublika olmuşdur. Elə həmin dövrdə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ  dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dil və adətlərini qoruyub saxlayırlar.

Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin Prezident kimi qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. 1997-ci il aprelin 23-də Qırğızıstan Prezidenti Əsgər Akayev Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfərini edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Sonra isə nümayəndə heyətinin iştirakı ilə Azərbaycan - Qırğızıstan danışıqları keçirilib. Danışıqlar zamanı Prezident Heydər Əliyev nitq söyləyib: “Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir". Qırğızıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb.

Bu gün həmin ənənə və çoxtərəfli əlaqələrimiz layiqincə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində beynəlxalq imkanlarımız genişlənir. Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması məhz uğurlu siyasətin bariz nümunəsidir. Aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri baş tutub. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” və müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanıb.

Görüş zamanı dövlətimizin başçısı sıx əlaqələrimizi, ortaq cəhətlərimizi birləşdirən xüsusi məqamlara toxunaraq qeyd edib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. Bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Eyni ilə Qırğızıstan Prezidentinin söylədiyi; “Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik” ifadələri ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini göstərir.

Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycanın uğurlu gələcəyi naminə həyata keçirdiyi məqsədyönlü siyasət bizim bütün ölkələrlə dostluq münasibətləri sahəsindəki əməkdaşlığımızın inkişafına töhfə verməklə yanaşı, xalqımızın regionda və dünyada təhlükəsizlik şəraitində yaşamasının qarantıdır.