YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan münasibətlərində məzmun və keyfiyyətcə yeni mərhələ

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Azərbaycanın xarici siyasətində bu amili prioritet olaraq qəbul edir.  Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə nüfuzunun yüksəlməsini şərtləndirib. Prezident İlham Əliyevin son 18 ildə uğurlu siyasi-diplomatik fəaliyyəti, tam müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.

Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Dövlətimizin xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan edib. Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı münasibətlərin olduğu halda mümkündür.

Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir. Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur - qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii olaraq, işğalçı Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü siyasi münasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir.

Azərbaycan türkdilli dövlətlərlə də uğurlu əməkdaşlıq edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın uğurla sədrlik etməsi də olduqca önəmli məsələdir. Prezident İlham Əliyevin məntiqli addımlarının nəticəsidir ki, Azərbaycan vaxtilə xəyal kimi görünənləri reallığa çevirir. Belə ki, dünyanın çox həssas bir dönəmində türk dövlətlərinin coğrafi bütünlüyü, həmrəyliyi məsələsinin gündəmə gətirilməsi qətiyyət və cəsarət tələb edirdi. Bu mürəkkəb və vacib tarixi missiyanın da öhdəsindən gələn Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son illərdə sinxron şəkildə atdıqları addımların nəticəsidir ki, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyiş əldə olunub.

Bu qəbildən ölkəmizin Qırğızıstanla münasibətlərini xüsusi qeyd edə bilərik. Hazırda Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər.

Hər iki xalq arasında münasibətlər məlum tarixi dövrü əhatə edir. Tariximizə nəzər salsaq görərik ki, hər iki xalq çar imperiyası və Sovetlər İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Həmin zamanda da onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. İkitərəfli münasibətlərin genişlənməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Qeyd etməliyik ki, xalqları  birləşdirən ortaq mədəni irs və ortaq tarixdir. Bu baxımdan bizi Qırğızıstanla birləşdirən dəyərlər çoxdur.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakı səfərinin yekunlarına  dair  mətbuat üçün verdiyi  bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışarkən qeyd etdi ki, Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb. Müvafiq Bəyannamə imzalandı. Bu tarixi xarakterli mühüm bir sənəddir və bu səviyyəyə, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Azərbaycan və Qırğızıstan prezidentlərini mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək.

DİGƏR Xəbərlər Arxiv