YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatınn sədri

Azərbaycanın gənc dövlət olaraq inkişaf yoluna nəzər yetirsək görərik ki, ölkəmiz artan templə xarici dövlətlər, xarici təşkilatlarla bir sıra əlaqələr qurur. Bu əlaqələrin hər biri məhz ölkənin inkişafına yönəlmişdir.

Vətən müharibəsi dövrünə nəzər yetirsək görərik ki, bizə dəstək olan ölkələrlə Azərbaycanın sıx əlaqələri mövcuddur. Bu da bizə müharibə dövründə əlavə siyasi güc qatmış oldu. Bir sıra ölkələrlə etdiyimiz anlaşmalar sayəsində Azərbaycan ən müasir silahlarla təmin olunmuşdu. Bu silahlar isə ermənilərin başına od ələmişdir.

Müharibədən sonrakı dövrdə də Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əlaqələr qurur, müqavilələr imzalayır. Sözsüz ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada tərəfdaşlar qazandırır. Bundan başqa iqtisadiyyatı daha da inkişaf etdirməyə kömək edir.

Azərbaycan və Qırğızıstan arasında əlaqələrin daha da möhkəmləndirilməsi ilə əlaqədar Qırğız Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

Dövlətlərarası Şuranın gündəliyində təkcə ikitərəfli əlaqələr deyil, eyni zamanda beynəlxalq və regional məsələlər də müzakirə edilmişdir. Beynəlxalq və regional problemlərin mütəmadi müzakirəsi bu əməkdaşlığın səmərəliliyini artırır.

Qırğızıstan və Azərbaycan beynəlxalq arenalarda tərəfdaş ölkələrdir. Buna misal olaraq göstərə bilərik ki, Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Son dövrlərdə Azərbaycanda yüklərin şimal, cənub və qərbə göndərilməsi üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Qırğızıstan üçün liman infrastrukturu hər daim açıqdır.

Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi vardır. Qeyd olunan istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac vardır.

Azərbaycan və Qırğızıstan arasında eyni zamanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar işlər aparılacaqdır. Bu məqsədlə Azərbaycandan nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Bütün bunlar Azərbaycan və Qırğızıstan arasında əlaqələrin hərtərəfli inkişafına təkan verəcək.