YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi düşünülmüş siyasətin nəticəsidir

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul edilən Azərbaycan Respublikasının dinamik inkişafına və xalqın firavan həyatına hesablanmış tarixi qərarlar öz müsbət nəticələrini verməkdədir.

Dünya Azərbaycanlılarının təşkilatlanmasında, xarici ölkələrlə müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olan “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar imzalanan vaxtdan ötən müddətdə dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətlərində əhəmiyyətli layihələr gerçəkləşdirilib.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev 2001-ci il mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin ilin noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə ölkəmizin tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. Bu qurultayla xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsinin, eyni zamanda, həmvətənlərimizin milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsası qoyulub.

Qurultaydan bir müddət sonra, 2002-ci il iyulun 5-də dahi şəxsiyyət “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən həmin mühüm tarixi sənəd bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə əlverişli imkan yaratdı.

Ümummilli Liderimizin irsi, gələcəyə yönələn siyasi xətti 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Bu, diaspor fəaliyyəti sahəsindən də yan keçmədi. Elə bu məqsədlə dövlətimizin başçısı 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Komitə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini reallaşdıran orqan kimi fəaliyyətə başladı.

Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının əsas məqsədlərindən biri hər zaman Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə obyektiv, tam və dolğun şəkildə çatdırmaq olub. Bu həqiqətlər əsasən, Ermənistan dövləti tərəfindən Azərbaycanın beynəlxalq hüquqla tanınan, tarixi torpaqlarının işğal olunması, milyonlarla soydaşının və vətəndaşının qaçqın və köçkünə çevrilməsi, Xocalı soyqırımı kimi faktları əhatə edib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da həmin siyasətin reallaşmasında önəmli rol oynayıb. Fond erməni işğalına etiraz edilməsi və bu istiqamətdə məlumatlandırma tədbirləri çərçivəsində dünyanın bir çox şəhərlərində nümayişlər keçirib, “Xocalıya ədalət!” adlı kampaniyası ilə erməni vəhşiliyini dünyaya tanıdıb.

Diaspor Vətən müharibəsi günlərində də Azərbaycanın haqq səsinin bütün dünyaya yayılmasında səmərəli fəaliyyət göstərib. Savaş dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bunun bariz ifadəsi kimi diqqət çəkib.

Prezident İlham Əliyevin 5 yanvar tarixli sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan  olunmuşdur. Belə bir vaxtda Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağın incisi, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi tarixi, mənəvi və simvolik əhəmiyyət daşıyır, Şuşa həm də dünya azərbaycanlılarını birləşdirən məkana çevrilir və bütün dünyaya azərbaycanlıların tarixi şəhərinə qayıdışının təsdiqi kimi diqqət çəkir.