YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güləşçilərimiz Avropa çempionatında ölkəmizin idman şöhrətini yüksəklərə qaldırdılar

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər.

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazanaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmış, xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.

Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.

Azərbaycan müstəqillik qazandıqdan sonra ötən əsrin 90-cı illərində ölkədə mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından kənarda qalmışdı. Ulu Öndərin hakimiyyətə gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən birinə çevrildi. Aydın məsələdir ki, ölkənin hərtərəfli tərəqqisi üçün idman sahəsinin inkişafı olduqca önəmli faktorlardan biridir. Buna səbəb kimi bir çox amili qeyd etmək olar. Bunlardan biri idmanın kütləvi xarakter daşımasıdır ki, ölkənin beynəlxalq müstəvidə tanınması üçün kütləvilik böyük məna ifadə edir. Heydər Əliyev bunu çox yaxşı başa düşürdü. O bilirdi ki, ölkənin parlaq gələcəyinin təməli düzgün gənclər və idman siyasətinin yeridilməsini tələb edir. Bu mənada ümummilli liderin fərmanına əsasən 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu müstəqil respublikamızın idman tarixinin başlanğıcı idi. Növbəti il Ulu Öndərin göstərişi ilə İdman fondu yaradıldı və ora Prezident Fondundan vəsait ayrıldı. Bu da Heydər Əliyevin idman siyasətinə nə qədər böyük önəm verdiyinin göstəricisi idi. Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirdi. Cənab İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Ulu Öndərin açdığı cığırdan heç bir zaman sapılmadı və ölkədə idman siyasəti yeni mərhələyə keçid etdi. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevin hakimiyyətə gəlişindən qısa müddət sonra “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” dövlət proqramı qəbul edildi.

Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir.

İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.