YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşünün nəticələri Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri diplomatiyamızın növbəti parlaq qələbəsi, dövlətimizin başçısının milli maraqlara əsaslanan qətiyyətli siyasətinin təntənəsidir. Görüşün nəticələri Azərbaycanın Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunun gələcəyi naminə müəyyənləşdirdiyi gündəliyin təsdiqi deməkdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün nəticələrinə həsr olunmuş bəyanatı Azərbaycanın yaratdığı yeni reallıqları da özündə təcəssüm etdirir.

Bəyanatda qeyd olunduğu kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması  qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir.  Razılığa gəlinən digər məsələ isə sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədardır. Tərəflər sərhəd məsələləri üzrə birgə xüsusi komissiya yaradacaqlar. Bu komissiyanın işi sərhədlərin delimitasiyası və sərhəddə gərginliyin  aradan qaldırılması işlərindən ibarət olacaq. Bu da tərəflər arasında etimad quruculuğu baxımından vacibdir.

Önəmli məqamlardan biri Avropa İttifaqı  Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Ümumilikdə, Avropa İttifaqının vasitəçilik səyləri müsbətdir və təqdir olunmalıdır. Çünki bunun sayəsində Azərbaycanla Ermənistan arasında sülh əldə olunması üçün yeni mexanizm yaranır. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır. 

Digər mühüm məqam minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, eyni zamanda, itkin düşmüş şəxslərin tapılması ilə bağlıdır. Avropa İttifaqı bu məsələdə Azərbaycana dəstək göstərəcəyini bəyan edir. Bu, regionda əlaqələrin intensivləşdirilməsi baxımından əhəmiyyətlidir. Paralel olaraq İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması kommunikasiya xətlərinin bərpası, dəmir yolu və avtomobil yolunun çəkilməsi barədə qərarın icrası baxımından vacibdir. Bu, Cənubi Qafqazda yeni işbirliyi imkanlarının formalaşdırılması, region dövlətlərinin və bölgədənkənar qüvvələrin maraqlarının uzlaşdırılacağı əməkdaşlıq platformalarının  əsasının qoyulması üçün etibarlı zəmin formalaşdırır.