YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir

«Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların ən nəzərə çarpan məqamı ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, hər iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı müvafiq təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının heç bir halda müzakirə predmeti olmayacağının, göstəricisidir. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə də əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.» Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Kamran Bayramov qeyd edib ki, görüşdə «Dağlıq Qarabağ» ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial və imperativ şəkildə ifadə olunan mövqeyinin istisnasız qəbul olunmasıdır. Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirliklərinə sülh danışıqları ilə bağlı təlimat verilməsi isə prosesin sözdən əmələ keçdiyinin göstəricisidir. Avropa İttifaqı Şurası Prezidentinin yekun bəyanatında iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə komissiyanın yaradılması və ilk növbədə, delimitasiya prosesinə başlanılması barədə razılığın əldə olduğunun vurğulanması, sərhəd bölgəsində gərginliyin aradan qaldırılması, sülh prosesinə süni əngəllər yarada biləcək təxribatların qarşısının alınması, prosesin intensivləşməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Ötən ilin iyulunda geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının Prezidenti ilə regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdən biridir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.

K.Bayramov vurğulayıb ki, Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bu günün reallıqları bir məqamı da açıqlayır ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb”. Artıq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin səyi müsbət nəticə verir. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

DİGƏR Xəbərlər Arxiv