YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik müstəvidə Azərbaycanın növbəti qələbəsi

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın 4 saat yarımdan artıq davam edən görüşlərinin nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin sülh təklifinin əsas maddələrindən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın dövrdə rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanat “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz” idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyi, həmrəyliyi sayəsində 30 illik işğala 44 gündə son qoyub, ərazi bütövlüyümüzü təmin etməklə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin əsas amil olduğunu sübut etdik. 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Ermənistandakı revanşist qüvvələrin hər vəchlə sülh prosesinə mane olmağa çalışması, Ermənistan hakimiyyətinin zaman-zaman müxtəlif mövqelər sərgiləməsi belə bu prosesin qarşısını ala bilmədi. Artıq yeni reallığı erməni cəmiyyəti də qəbul etmək məcburiyyətindədir. Azərbaycanın haqq səsini dünyaya çatdıran, milli maraqları hər şeydən üstün tutan liderimiz müxtəlif maraqlı gücləri öz qətiyyətli və ardıcıl siyasəti ilə inandıra billdi, Ermənistanın prosesi ləngitmək cəhdi iflasa uğradı.

Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış nəticələri diplomatik masada bir daha möhkəmlətmiş oldu. Bunu Avropa İttifaqının Prezidenti Şarl Mişelin görüşün sonundakı bəyanatı təsdiq etdi. Yekun bəyənnamənin müddəalari onu deməyə əsas verir ki, sülh gündəliyi Azərbaycanın şərtləri əsasında formalaşır. Brüssel görüşündə əldə olunan diplomatik naliyyətin ən mühüm göstəricilərindən biri yekun bəyannamədə "Dağlıq Qarabağ" ifadəsinin və "ATƏT Minsk qrupu" adlı təsisatın yer almamasıdır. Bu 2 məhfumun orada öz əksini tapmaması Azərbaycanın post-münaqişə realıqlarını Qərbə qəbul etdirməsi kimi xarakterizə oluna bilər. Yəni artıq Qərbin əsas nüfuzlu təşkilatlarından biri Avropa İttifaqı eyni mövqedən çıxış edir. Yekun bəyənnamədə əks olunan maddələr post-münaqişə realıqları əsk etdirir. Azərbaycanın təbliğ etdiyi prinsiplər Brüssel bəyənnaməsində öz əksini tapmaqdadır. Azərbaycan dövləti artıq sülh gündəliyini özü müəyyənləşdirir.

İlk dəfə olaraq Avropa İttifaqı kimi beynəlxalq təşkilat sülh danışıqlarının reallığına çalışmasını ortaya qoydu və bununla da indiyə qədərki vasitəçilərdən fərqli olaraq, tərəflərin təkbətək, konstruktiv danışıqlarına yaşıl işıq yandırdı. Bu da onu göstərir ki Avropa ittifaqı bölgədə təminatlı sülhün olmasında maraqlıdır və qəbul edilir ki, bu marağın reallaşması yalnız Azərbaycan rəhbərinin irəli sürdüyü şərtlər daxilində mümkün olacaqdır.

Ermənistanın arzusuna rəğmən, görüşdə hər hansı status məsələsi yox, post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Beləliklə də, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin konstruktiv nəticələrin əldə olunması üçün başlıca prinsiplər olduğu həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Məlumdur ki həmin sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Sərhədlərin demilitasiya və demarkasiyası barədə razılığın əldə olunması, ilk növbədə, regionda gərginliyin azalmasına, komunikasiyaların açılmasına, səmərəli və konstruktiv əməkdaşlığın əsasının qoyulmasına xidmət edəcəkdir. Bu razılaşmalar bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru atılmış addım oldu.