YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artan beynəlxalq nüfuz

Vüsal Hüseynov

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri

Azərbaycan Respublikası özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Bu dəyişən dünyada superdövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Belə bir mürəkkəb zamanda yeni ictimai-siyasi baxış və islahatların keçirilməsi zərurəti yaranır. Proses davamlı, dayanıqlı və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.

Otuz il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. İldən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Bu günə qədər ölkədə COVID-19 pandemiyasından zərər çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq.

“Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bu gün də belə təsirlər var. Lakin Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi. Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir. Hər bir vətəndaş istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə, inamla baxa bilsin, övladlarının, dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən lideri olsun.

DİGƏR Xəbərlər Arxiv