YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı daim öz liderinə güvənir!

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

2018-ci ilin aprelin 11-də ölkə başçısı cənab İlham Əliyev növbəti dəfə xalqın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçildi. Hər bir azərbaycanlının prezidenti olan İlham Əliyevin 19 illik hakimiyyəti dövründə Azərbaycan böyük inkişaf yolu keçib.

Qədirbilən xalqımız Azərbaycan Respublikasının qızıl dövrünün hər anına şahiddir.

İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələnin əsasını qoydu. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxşaxəli, intensiv iqtisadi strukturun formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişləndi. Ölkəmizin bütün dünyada gedən müasir inkişaf prosesilə ən yüksək səviyyədə ayaqlaşması, inteqrasiyası sürətlənməkdə davam etdi. Milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranıb. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr baş verdi. Səmərəli intensiv islahatlar aparıldı.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almağa başladı. Ölkədə sağlam sosial-siyasi, mənəvi- mədəni əhval-ruhiyyə yüksəldi.

Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi-sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir.

Onu demək kifayətdir ki, prezident İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində rola malikdir. Eyni zamanda, ölkə başçısı həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak edib, ölkəyə investisiya axınında mühüm rol oynayıb. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində əvəzsiz xidmətləri vardır. Prezidentimiz xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri olan şəxsiyyətdir.

İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus veriblər. Ölkə başçısı da bunu öz çıxışlarında dəfələrlə vurğulayıb. Onun hakimiyyəti dövründə Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılıb.

Prezident İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsi əlillərinə qayğısı, eyni zamanda böyük quruculuq işləri doğma xalqa göstərilən bu diqqətin parlaq təzahürləridir. Birmənalı şəkildə qeyd etməliyik ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb.

Qeyd olunan müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib. 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Bütün bunlar Azərbaycan xalqının nə qədər doğru seçim etdiyinin əyani sübutudur. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə daha da artır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “keçilməz sədd”, “məğlubedilməz ordu”, “yenilməz dövlət” mifləri  44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə yerli və xarici telekanallara, mətbuat orqanlarına müsahibələr verir, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırırdı.

Onun rəhbərliyi altında görülən işlərə nəzər saldıqda aydın olur ki, prezidentimizin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ çox uğurlara imza atacaq, təkcə regionun lideri deyil, bütün dünyanın diqqət mərkəzində olan müstəqil, qüdrətli dövlətinə çevrilərək, gələcəyə inamla addımlayacaq. Azərbaycan xalqı daim öz liderinə güvənir!  

DİGƏR Xəbərlər Arxiv