YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il keçir. Ötən dövr göstərdi ki, Partiyamızın sədri, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qurultayda dediyi “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” fikirləri uğurla həyata keçirilir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və milli mənafe, ölkənin gələcəyi, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlı olan mütərəqqi ideyaları və strategiyası xalqı onun nurlu və əbədiyaşar ideyaları ətrafında birləşdirməkdə davam edir. Biz heç zaman müstəqilliyimizin ilk illərində gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini və ulu öndər Heydər Əliyevin xilaskarlıq xidmətlərini unuda bilmərik. 90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran ölkə suverenliyini, ərazi bütövlüyünü, ümumilikdə bütün dövlətin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə bu təhdidləri daha da artırırdı. Məhz bu idarəetmənin və səriştəsizliyin nəticəsi idi ki, torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu. Ümidsizlik, xaos, dövlətçiliyin məhv təhlükəsi ilə üz-üzə qalması, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması o dövrün əsas xarakteristikası idi. Məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunmasını və dönməzliyini təmin etdi. Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bütün təhdidlərin qarşısını aldı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.

Aparılan uğurlu siyasət sayəsində Azərbaycan regionun lider ölkəsi statusunu qazandı. İqtisadi və siyasi müstəqilliyin möhkəmləndirilməsini əsas şərt olaraq dəyərləndirən Azərbaycan hərtərəfli inkişafını təmin etdi və regiona öz töhfəsini verməyə başladı. Azərbaycanla tərəfdaş ölkələrin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik təmin olundu və partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Bu gün YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir, ayrı-ayrı ölkələrin partiyaları ilə ikitərəfli əməkdaşlıqlar siyasi gediş və addımlarda uğurlu bəhrəsini verir.

Ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının qazandığı Qələbələr Partiyası imicinin bundan sonra da davam etdirilməsi üçün yeni perspektivlər və prioritet istiqamətlər müəyyənləşdirildi. İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratdı. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. Effektiv nəticələrin əldə olunması naminə Yeni Azərbaycan Partiyasının yeni Proqramında ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən yeni əsas hədəflər müəyyən edildi. YAP fəaliyyətinin növbəti strateji hədəfləri  Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməkdir. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri həm də milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bu mənada, YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya qoyuldu və bu vəzifə uğurla icra olundu.  Ölkə başçısının, həmçinin bəyan etdiyi digər Proqram və strategiyalar, qlobal layihələr ardıcıllıqla və uğurla həyata keçirilir. YAP-ın sədriinin ölkə rəhbəri olaraq verdiyi bütün vədlərə sadiqliyi və onu mükəmməl şəkildə yerinə yetirməsi xalq-iqtidar inamını sarsılmaz edib.