YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yeni Nizamnaməsi müasir dövrün bütün tələb və çağırışlarına cavab verir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası bugünə qədər bütün sınaqlardan çıxmış, şərəfli yol keçmiş, bu gün artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır. Müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara imza atmışdır. Partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin zəngin, təcrübəli, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etmişdir.

Bildiyimiz kimi, 2021-ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilmişdir. Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. 

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

Qurultayda müsbət həllini tapan məqamlardan biri də ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması idi ki, bu hadisə Partiyamızın nə qədər yüksək nüfuza malik olmasının bariz nümunəsi idi.

Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmış, Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.

Partiyamız hər zaman beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə, inkşaf etməsinə xüsusi önəm verib. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. 2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Bundan əlavə, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da  hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. Bunun bariz nümunəsi kimi, 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüşü göstərmək olar.

Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz, partiyamızın sədri  möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə  həyata  keçirir. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkşaf edir, böyük, tarixi uğurlar əldə edir. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini Prezidentimiz, partiyamızın sədri cənab  İlham Əliyevin islahatlar siyasətinin davamı kimi  dəyərləndirmək olar.

DİGƏR Xəbərlər Arxiv