YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın VII Qurultayı və yeni reallıqlar

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü

Ötən ilin məhz bu günlərində uzun illərdir Azərbaycanda iqtidar partiyası statusunu qoruyub saxlamağı bacaran Yeni Azərbaycan Partiyasının sayca yeddinci qurultayı keçirildi.

Partiyanın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə kimi yadda qaldı. Qurultayda Prezident, YAP-ın sədri İlham Əliyev cənabları  geniş proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcəyinə hesablanmışdı. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etdi.

Son qurultayda daha önəmli olan bir hadisə baş verdi. Məlumdur ki, ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq. Məhdud resurslara malik partiyaların kifayət qədər güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyaların üzvləri üçün yeni imkanlar yaradacaq. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaq.

Eyni zamanda, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır. Ölkədə partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına müsbət təsir göstərəcək.

Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir.

Partiyamızın sədri, Prezident İlham Əliyevin qurultayda  çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ulu öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər.

Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də kifayət qədər gənc təmsil olunub.

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı kimi də xarakterizə oluna bilər.  2018-ci ilin prezident və 2020-ci ilin parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yardıb. Yaranmış yeni reallıqlar iqtidar partiyasında islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. YAP yeni idarəetmə modelini özündə ehtiva edir. Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada Birinci vitse-prezident postunun təsis olunması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir. VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunub. Həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini verməkdədir.

DİGƏR Xəbərlər Arxiv