YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələ

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Məlumdur ki, qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dərin məzmunlu çıxış edərək qarşıda dayanan vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını verdi. VII qurultayda müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi qəbul olunub. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilib. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilib.  VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi də müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Qurultayda partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunub.

Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına qoşuldular. Həmçinin, partiyanın daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Eyni zamanda, Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Qurultaydan sonra partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçiliblər. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri, Təftiş Komissiyasının reqlamenti hazırlanaraq təsdiq edilib.

Ümumiyyətlə, peşəkarlıq, dövlətçilik və vətənpərvərlik YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz əksini tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

DİGƏR Xəbərlər Arxiv