YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası müasir dövrün bütün tələb və çağırışlarına cavab verir

Yeni Azərbaycan Partiyası Xaçmaz  rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov partiyanın VII qurultayından ötən bir ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərdən, islahatlar prosesinin dərinləşməsindən, tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqi və qəbulu istiqamətində atılan addımlardan, Azərbaycanın diplomatik uğurlarından geniş  bəhs edərək bildirib ki, yarandığı gündən milyonların sevgisini və etimadını qazanan YAP zəngin və şərəfli yol keçib: “1992-ci il 21 noyabr tarixində xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edib. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində Azərbaycanın yaşadığı ictimai-siyasi vəziyyət yaddaşlardadı. Xalqın sabaha ümidləri itmişdi. Azərbaycanın müstəqil dövlət kimi varlığı  şübhə altında idi. Belə çətin məqamda xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı ölkənin, xalqın xilaskarı kimi ulu öndər Heydər Əliyevə müraciətində Azərbaycanın xilasının yollarını açqladı. Ümummilli Liderin hər zaman dövlətinə, Vətəninə, xalqına bağlılığı onu yaşananlara laqeyd yanaşmasına imkar vermədi. Ümummilli Lider  müraciətə cavabı ilə  bugünkü reallıqlara yol açdı.”

Məhəmməd Balaqadəşov vurğulayıb ki,   Ümummilli Liderin siyasi irsi inkişafın təməlində dayanan  əsas ideoloji amildir: “Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən ulu öndər Heydər Əliyevin ideyaları ölkəmizin qarşısında geniş imkanlar açır. Ümummilli Liderin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan  Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.”

“Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etmişdir” söyləyən  YAP Xaçmaz rayon təşkilatının sədri qeyd edib ki,  Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir dövrün əsasını qoydu: “Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bir daha yarandığı gündən tutduğu yola, prinsiplərinə sadiqliyinə, sözlə əməl birliyinə görə  xalqın sevgisini və etimadını qazanan Yeni Azərbaycan Partiyasının Azərbaycanın hər bir uğurnda öz payı, rolu olduğunu önə çəkərək bu əminliyi ifadə etmişdir ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.”

O da bildirilib ki, Azərbaycanın müstəqilliyinin yenidən bərpasının 30 ilinə şahidlik edən partiyanın əsas hədəflərindən biri müstəqilliyimizi əbədi və sarsılmaz etmək olub: “Partiyanın yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından bəhs edərkən onun xilaskarlıq missiyasının aydın mənzərəsi yaranır. Tarixi paralellər fonunda müstəqilliyin qorunmasının, onun əbədiliyinin təmin edilməsinin nə qədər çətin proses olduğunu, böyük idarəçilik təcrübəsini, dövlətə, xalqa bağlılığı tələb etdiyini aydın görərik. Ümummilli Liderin   müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. Hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.  Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın regionun lider ölkəsi statusu təsdiqləndi. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə inkişaf dövrünü yaşadı.”

YAP Xaçmaz rayon təşkilatının sədri  2003-cü ildən bu günədək Heydər Əliyev yolunun uğurlu davamından geniş bəhs edərək bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza tarixi Zəfərin sevincini yaşatdı, adını tarixə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi yazdı: “Bu tarixi Zəfərin reallıqlarına söykənərək VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının  ötən ilin sonunda  İdarə Heyətinin qərarı ilə təsdiqlənən yeni proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əksini tapıb. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunmasına dəstək əsas hədəflərdəndir.”

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarların  partiyanın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu önə çəkən Məhəmməd Balaqadaşov bildirib ki, YAP dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə qoruyur və cəmiyyətin avanqard qüvvəsi kimi yeri və rolunu möhkəmləndirir.

DİGƏR Xəbərlər Arxiv