YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva bəyannaməsi həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir

“Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı həmişəki kimi çox önəmli açıqlamalar verdi. Ümumiyyətlə isə həm Rusiya ilə imzalanan Moskva bəyannaməsi, həm də Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi Azərbaycanın balanslaşdırılmış düzgün xarici siyasətinin nəticəsi olaraq mühüm əhəmiyyət kəsb edir”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı Prezident İlham Əliyevin toxunduğu əsas məqamlardan biri əlbəttə ki, bundan sonrakı Rusiya-Azərbaycan münasibətləri barədə oldu. “Görünür, bu bəyannamənin imzalanması həqiqətən 30 il ərzində 200-dən çox imzalanmış sənədlərdən daha vacib və əhəmiyyətlidir. Çünki bu danılmaz faktdır ki, Rusiya bizim şimal qonşumuz olaraq yüz illərdir var və bundan sonra da olacaq. Əlbəttə, dünyanın ən güclü dövlətlərindən hesab olunan Rusiya ilə Azərbaycanın dost və müttəfiq olaraq qalması hər bir halda bizim xeyrimizədir. Cənab Prezidentin də qeyd etdiyi kimi bu müttəfiqlik bəyannaməsi uzun illər aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir”.

V.İskəndərov əlavə edib ki, Prezident bu görüşdə, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinə də toxunaraq bir daha bildirib ki, Azərbaycan sülh tərəfdarı bir ölkədir. Ancaq qarşı tərəfin qeyri-adekvat yanaşması həmişə məsələnin həllində müəyyən problemlər yaradır: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir. Təqdim olunmuş xəritənin dəqiqliyi 25 faiz təşkil edir. Əlbəttə, bu, bir daha göstərir ki, Ermənistan öz başına gələnlərdən dərs çıxarmaq əvəzinə yenə el dili ilə desək “cığal uşaq” obrazı yaratmaqla xalqı uçuruma aparır”.