YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı parlamentarilər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış ediblər

Böyük Britaniya parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib.

Parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.

Ən irimiqyaslı mülki insan itkisi ilə nəticələn Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən 2010-cu il 22 aprel tarixli qərarını xatırladıblar. Gələcəkdə belə faciələrin təkrarlanmaması məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.

Britaniyalı parlamentarilər, həmçinin münaqişənin yekunlaşmasını alqışlayaraq, regionda bütün maraqlı tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.

Bununla yanaşı, postmünaqişə mərhələsində bir sıra çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd edilib, bu problemlərin həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib.

Xatırladaq ki, birgə bəyanat indiyə qədər Böyük Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi ilk birgə təşəbbüsdür. Təşəbbüsə parlamentin İcmalar Palatasının üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Şeyx, Lord Kilkluni, Lord Hüseyn, Lord Evans, Baronessa Manzoor və Lord Flayt qoşulublar. Bundan əvvəl - 2017-ci ildə isə Şotlandiya regional parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik təşəbbüsü regional parlamentin əksər üzvləri tərəfindən dəstəklənmişdi.

Böyük Britaniya parlamentinin Azərbaycan Qrupunun fevralın 22-də keçirilmiş iclasında da Xocalı faciəsinin 30-cu ildönümü müzakirə edilib. İclasda iştirak edən parlamentarilər tərəfindən Xocalı qətliamı ilə əlaqədar Azərbaycan xalqı ilə bir daha həmrəylik ifadə olunub.