YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Rusiya münasibətləri inkişafın ən yüksək xətti üzrə irəliləməkdədir

Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Bəyannamə 43 bənddən ibarətdir. Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında imzalanan oxşar bəyannamədə onların sayı cəmi 15-dir.

Məlum olduğu kimi, Bəyannamə ilə bağlı sənəd ötən ilin ortalarından hazırlanırdı, ona görə də onun imzalanmasını sürpriz adlandırmaq olmaz. Xatırladaq ki, 2021-ci ilin sonunda Prezident İlham Əliyev xalqa Yeni il müraciətində Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini qeyd etmişdi.

Bu sənədin imzalanması ərəfəsində müxtəlif nəzəriyyələr irəli sürülürdü, məsələn, bu sənədin imzalanması ilə Azərbaycanın Rusiyadan asılı vəziyyətə düşəcəyi, bu müqavilənin qeyri-bərabər olacağı iddia edilirdi. Lakin bu bəyannamənin elə ilk iki bəndi belə ehtimalları təkzib edir. Beləliklə, Bəyannamənin birinci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İkinci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür və Rusiya ilə imzalanmış məlum Bəyannaməyə də bu aspektdən yanaşmaq lazımdır. Azərbaycan dövlətinin xarici siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur və ölkəmiz Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Başqa sözlə imzalanmış sənəd heç bir halda Rusiyaya bu və digər formada üstünlük vermir, Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir və dolayısıyla Azərbaycanın əleyhinə hər hansı bir məsələni də özündə ehtiva etmir.

Azərbaycan və Rusiya arasında Bəyannamənin imzalanması dost ölkələrimiz arasında sırf ikitərəfli münasibətlərə aid məsələdir. Beynəlxalq münasibətlər sisteminin yenidən formatlaşdırılması prosesində regionda yeni geosiyasi reallığın əsas memarları kimi Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Xüsusilə indiki dövrdə bu kursu davam etdirmək nə qədər çətin olsa da, ölkəmizin təhlükəsizliyi baxımından olduqca vacibdir və cənab İlham Əliyev də bu ağır və məsuliyyətli işi layiqincə yerinə yetirir.

Misirxan Vəliyev

YAP Sabunçu rayon təşkilatının sədri