YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva Bəyannaməsi yeni geosiyasi reallıqları əks etdirir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü – qüdrətli dövlət və Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanınır. Bunu təmin edən amil Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uğurlu xarici siyasət kursudur.

Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Ölkəmiz Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bununla yanaşı, respublikamız müxtəlif beynəlxalq təşkilatlarda – BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digərlərində uğurla təmsil olunur. Azərbaycan, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir. Ən vacib məqamlardan biri budur ki, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına mühüm töhfədir. Bu reallıqlar, eyni zamanda, yeni geosiyasi konfiqurasiyanın yaranmasını şərtləndirib. Artıq hazırkı şəraitdə regionda geostrateji nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır.

Azərbaycan hər iki güc mərkəzi ilə bərabərhüquqlu tərəfdaşlığa, uğurlu əməkdaşlığa və milli maraqlara əsaslanan müttəfiqlik münasibətlərinə malikdir. Ötən il imzalanmış və 2022-ci ildə təsdiqlənmiş Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək zirvəyə yüksəlməsini şərtləndirib. Hər iki ölkə milli və regional təhlükəsizlik, ortaq maraqların təmin olunması istiqamətində geniş işbirliyi mexanizmi formalaşdırıblar. Bununla yanaşı, Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması iki ölkənin əməkdaşlığı dərinləşdirmək və münasibətləri daha da inkişaf etdirmək əzmində - niyyətində və iqtidarında olduğunu təsdiqləyir.

Ümumiyyətlə, Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlir. Bəyannamənin siyasi məzmunu ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamə, həmçinin Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları əks etdirir. Çünki sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə separatizmə qarşı mübarizə məsələsinin də öhdəlik kimi müəyyənləşdirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycanın milli maraqlarına tam uyğundur və regional sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir. Bütövlükdə, hazırkı mürəkkəb geosiyasi şəraitdə və regional yəhdidlərin artdığı vəziyyətdə Rusiya kimi güc mərkəzi, qonşu və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan dövlətlə belə bir Bəyannamənin imzalanması Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin ifadəsidir.

Beləliklə, həm Şuşa, həm də Moskva bəyannamələri Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət baxımından strateji önəm daşıyır. Nəticə etibarilə, Prezident İlham Əliyev uğurlu diplomatiya həyata keçirməklə hərbi Qələbəni strateji prosesə çevirib və bu, Azərbaycanın milli gücünün, regional təsir imkanlarının və dünyada rolunun, nüfuzunun artmasını şərtləndirir. 

DİGƏR Xəbərlər Arxiv