YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı müttəfiqlik münasibətləri Azərbaycanla Rusiya arasındakı əməkdaşlığı prinsipcə yeni səviyyəyə çıxaracaq

Əli Hüseynli

Milli Məclis sədrinin birinci müavini

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamışlar.

Azərbaycanın beynəlxalq miqyasda və digər ölkələrlə qarşılıqlı münasibətləri özünün milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət çərçivəsində formalaşır. Multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən rəsmi Bakının BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq ritorik sual səsləndirib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

Azərbaycan türk dövlətləri ilə, xüsuilə qardaş Türkiyə ilə münasibətlərə mühüm önəm verir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri  müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Ötən il adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir.

Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir.

Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.

Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsi olan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı məhz Azərbaycandır.

NATO ilə münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham ƏIiyevin Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşü və  bu günlərdə Yens Stoltenberqin Prezident İlham Əliyevə zəng edərək Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə etməsi bu reallığı təsdiq edir.

Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. 

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Rusiya münasibətləri yeni səviyyəyə yüksəlmişdir. Bakı Moskvanın postsovet məkanında əsas strateji tərəfdaşlarından biridir. Şimal qonşumuz ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.

Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya ilə imzalanmış bəyannamələr bu məqsədə xidmət edir. Belə ki, sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Bu baxımdan Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirmək əzmindədir.

Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan-Rusiya münasibətlərinin statusundan çox şey asılıdır. Rusiya və Azərbaycan Prezidentlərinin müttəfiqlik əməkdaşlığı haqqında imzaladıqları bəyannamə iki ölkə arasında əməkdaşlığı prinsipcə yeni səviyyəyə çıxaracaq. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.

Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Sənəddə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür və müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.

Burada əsas məqamlardan biri keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır, hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacağı barədə öhdəlik götürür.

Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir və beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.

Mühüm müddəalardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir.

Qarşılıqlı müttəfiqlik sənədinin imzalanmasının məhz bu günlərə təsadüf etməsi obyektiv səbəblərlə bağlıdır. Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir ki, planlaşdırılırdı. Sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən bir prosesdir. Cənab İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.  Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. 

Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Dövlətimiz  çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür və onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.

Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, son Moskva bəyannaməsi ilə  Azərbaycan özünün ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə əlavə zəmanət əldə etmiş olur. Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətləri Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi fonunda Azərbaycana yeni güc, bacarıq, məharətli diplomatiya ilə silahlandırır.

Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.

Prezident cənab İlham Əliyev “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin siyasi əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Rəmzi haldır ki, bu görüş, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir”.

Bütün bu pozitiv arqumentlərin qarşılığında bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Bu kimi yanaşmalar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında  yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir.