YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev İtaliya senatının və hökumətinin üzvləri ilə görüşüb

Azay Quliyev İtaliya senatının və hökumətinin üzvləri ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri Sergio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinglio və digər parlamentarilərlə görüşüb. /Trend/

Şuradan verilən məlumata görə, səfərin məqsədi barədə məlumat verən A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq qurumun QHT-lərlə dövlət arasında körpü rolunu oynadığını deyib. A.Quliyev Şuranın QHT-lərə konsultativ, məlumat, texniki, maliyyə və digər sahələrdə hərtərəfli dəstək verdiyini, indiyədək 3 min 500 layihəyə vəsait ayırdığını qeyd edib.

Şura sədri bildirib ki, rəhbərlik etdiyi qurumun 11 üzvündən 8-i QHT, 3-ü isə müxtəlif dövlət orqanlarının təmsilçiləridir. İtaliya-Azərbaycan əlaqələrindən bəhs edən Şura sədri qeyd edib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərimizin inkişafına töhfə verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Quliyev bildirib ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşüb.

Şuranın gördüyü işlərin təqdirəlayiq olduğunu deyən senator Sergio Divina hökumət ilə QHT sektoru arasında əlaqələndirməni uğurla təmin etməyin önəmli amil olduğunu vurğulayıb. Müvafiq sahədə İtaliya təcrübəsindən bəhs edən S.Divina qeyd edib ki, QHT-lərlə dövlətin əməkdaşlığı bu qurumların müstəqil fəaliyyəti baxımından vacib faktordur. Senator ölkələrimiz arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Görüşdə həmçinin Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya daşıyacaq TAP layihəsinin önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu layihənin reallaşması ilə Azərbaycan ilə İtaliya arasında əlaqələr daha da genişlənərək yeni mərhələyə qədəm qoyacaq. Şura sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın əmək və sosial siyasət naziri Culiano Poletti ilə keçirilmiş görüşündə vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının vacibliyi ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə ölkələrimizdə görülən işlərdən danışılıb.

Nazir görüşün hər iki ölkədə ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində fikirləri bölüşmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. “Azərbaycanda müvafiq istiqamətdə görülən işlərlə tanış olmaq bizim üçün çox maraqlıdır” - deyən nazir C.Poletti görüşün iki ölkənin dövlət qurumları arasındakı müsbət münasibətlərin nəticəsi olduğunu bildirib.

Rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən danışan A.Quliyev Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini dəstəkləmək və hökumət ilə QHT sektoru arasında əlaqələndirməni təmin etmək olduğunu bildirib: “Dəstəklədiyimiz layihələrin 75 faizi sosial yönümlüdür. Azərbaycanın bu sahədəki təcrübəsini italiyalı həmkarlarımızla bölüşməyə hazırıq”.
Şura sədri ötən il “İctimai iştirakçılıq haqqında” qanunun icrasına başlandığını və bununla bağlı ölkənin 33 rayonunda maarifləndirmə tədbirlərinin keçirildiyini deyib.

Nümayəndə heyəti səfər çərçivəsində İtaliyanın bir sıra tanınmış QHT-ləri ilə də görüşlər keçirib.

DİGƏR Xəbərlər Arxiv