YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin həssas təbəqələrinə xüsusi diqqət və qayğı göstərir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında 2016-cı il sentyabrın 26-da Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması cənab Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələr deməyə əsas verir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Ölkə başçısının 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir.

Cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa davamlı olaraq böyük səy göstərən Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı.

Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi önəmli fəaliyyət istiqamətləri və yüksək idarəçilik təcrübəsi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən, eyni zamanda xalqın rəğbətini qazanmağa əsas verən amillərdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmış, Azərbaycanın güclü dövlət olduğu dünyaya nümayiş etdirilmişdir. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir.

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır.

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti ölkə rəhbərliyi və xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına, eyni zamanda Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, həmçinin  çoxsaylı xarici ölkələrin ali dövlət mükafatlarına layiq görülmüşdür. Çoxşahəli fəaliyyətinə görə layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunmuşdur, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası və təşəbbüskarı olduğu  mədəni layihələr Azərbaycanı dünyaya tanıtdırmışdır. Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirmişdir. Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkmiş, 2004-cü ilin avqustunda UNESCO-nun, 2006-cı ilin noyabrında isə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Təhsilə göstərilən qayğı kontekstində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və sair proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin həssas təbəqələrinə xüsusi diqqət və qayğı göstərir. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə əlillərinə Mehriban xanım Əliyeva hər zaman xüsusi diqqət və qayğı gösətrmişdir. Dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Həmçinin, Nəsimi ili çərçivəsində  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir.

Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmış, özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına  xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.

DİGƏR Xəbərlər Arxiv